İsmayıllı, 8 iyun, AZƏRTAC
İsmayıllıda Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda birgə seminar-müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, seminar-müşavirədə təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində FHN-in qurumları, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə birgə qarşılıqlı fəaliyyətin təmin edilməsi, onların qəza xilasetmə və digər təxirəsalınmaz işlərə cəlb edilməsi, baş verən və ya baş verə biləcək hadisələrlə bağlı informasiya mübadiləsinin aparılması məsələləri müzakirə olunub.
Vurğulanıb ki, yay mövsümünün gəlişi ilə əlaqədar havaların istiləşməsi, taxıl və ot biçini, eləcə də digər dənli-paxlalı bitkilərin yığım kampaniyası zamanı təhlükəsizlik qaydalarına lazımınca riayət olunmaması yanğınların baş vermə ehtimalını artırır. Belə bir vəziyyətdə qarşılıqlı fəaliyyətin təşkili xüsusi önəm kəsb edir.
Seminar-müşavirədə FHN-in yerli strukturlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, fermerlər və digər maraqlı tərəfin nümayəndələri iştirak ediblər.
