Ordubad, 8 iyun, Rauf Əliyev, AZƏRTAC
Ölkədə hərbi və iqtisadi vəziyyətin ağırlaşdığı bir dövrdə xalqımız üzünü dünya şöhrətli siyasətçi Heydər Əliyevə tutaraq onu Bakıya, xilaskarlıq missiyasını həyata keçirməyə çağırdı. Xalqının çağırışına biganə qala bilməyən Ulu Öndər yenidən siyasi hakimiyyətə qayıtmaqla, Azərbaycanın müstəqilliyinin zəfər yürüşünün tarixlərə şahid olacaq salnaməsini yazdı.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatında “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın qurtuluşu” mövzusunda keçirilən tədbirdə səsləndirilib.
Təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev çıxışında bildirib ki, Azərbaycanın taleyinin həll olunduğu ötən əsrin 90-cı illərinin əvvəllərində ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması ölkəmizin tarixində dönüş nöqtəsi, qurtuluş anı olub. 1991-ci ildə dövlət müstəqilliyinin rəsmən elan edilməsinə baxmayaraq, ermənilərin hərbi təcavüzünə məruz qalan ölkəmizin daxilində vətəndaş müharibəsinə zəmin yaranması, müxtəlif bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına son qoyulması ilə nəticələnə bilərdi. Məhz belə bir məqamda dahi şəxsiyyətin hakimiyyətə qayıdışı ən yeni tariximizin səhifələrinə Milli Qurtuluş Günü kimi yazıldı.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Elvin Məmmədov, təşkilatın Qadınlar Şurasının sədri Könül İsmayılova çıxış edərək bildiriblər ki, Azərbaycan xalqının qurtuluşa gedən yolu Naxçıvandan başlayıb. Ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövr müstəqillik tariximizin ən zəngin və dəyərli səhifələridir. Belə ki, həmin dövrdə dahi şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, üçrəngli bayrağımızın ilk dəfə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi və digər tarixi qərarların qəbul olunması milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxarıb.
Vurğulanıb ki, Ümummilli Liderimizin misilsiz xidmətləri sayəsində milli dövlətçilik ənənələri üzərində gündən-günə çiçəklənən Azərbaycan bu gün hərtərəfli inkişaf yolundadır. Vətənimizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası isə bu gün özünün intibah dövrünü yaşayır. Ən yaxın tariximizin ağır illərindən şərəflə çıxmış muxtar respublikamız indi sosial-iqtisadi uğurları, abad yaşayış məntəqələri ilə buraya yolu düşənlərin marağına səbəb olur. Bütün bunlar isə bu qədim diyarda Heydər Əliyev ideyalarının layiqincə davam etdirilməsinin nəticəsidir.
