Bu rüsumlar daşınmaz əmlakı bahalaşdırır - AÇIQLAMA

“Torpaq mülkiyyətinin əldə olunması və özəlləşdirmə prosesi vətəndaşlar üçün ciddi problemlər yaradır. Xüsusilə, 2001-ci ilə qədər verilmiş torpaqlarda özəlləşmə ilə bağlı rüsum tətbiq edilməsə də, vətəndaşlar bəzi icarə əsasında istifadə olunan torpaqları özəlləşdirmək istəyərkən yüksək ödənişlərlə qarşılaşırlar”.

Bunu əmlak eksperti Elnur Azadov Metbuat.az-a açıqlamasında bildirib.

O, həm müəssisələrdən, həm də bələdiyyədən alınan torpaqların mülkiyyətini əldə edilməsindən danışıb:

“Məsələn, nə vaxtsa vətəndaş həmin torpağı bələdiyyədən alıb, dövlət rüsumunu keçirib, indi də mülkiyyət hüquqlarını əldə etməkdən ötrü gedib ikinci dəfə ödəniş etməlidir. İkinci dəfə ödəniş isə bazar qiyməti ilə hesablanır. Sərəncam ayrılıb, ilkin sənədləri vətəndaş əldə edib, indi üstündə fərdi ev, müəssisə və s. tikməlidirsə, bu zaman torpağın özəlləşməsi qanunla tələb olunur. Əks halda icazə verilmir. Vətəndaş məcburdur ki, Əmlak Məsələləri Dövlət Xidmətinə gedib torpağı özəlləşdirsin və bu qiymətlər də olduqca fantastikdir. Bu da vətəndaşlarda ciddi şəkildə narahatlıq yaradır”.

Ekspertin sözlərinə görə, yaşayış kompleksinin, istehsalat müəssisəsinin, kommersiya obyektinin tikilməsi zamanı torpağı özəlləşdirməsi tələb olunur:

“Özəlləşdirmə qiyməti bəzən bazar qiymətindən də yüksək olur. Bu gün kimsə böyük yaşayış kompleksini inşa etmək istəyirsə, torpağı özəlləşdirir. Bu da tikinti şirkətində həmin mənzillərin, obyektlərin satış qiymətini az qala iki dəfə qaldırır. Bu bahalaşma ümumi daşınmaz əmlak sektoruna əks təsir edir. Onlar düşünürlər ki, həm büdcəni doldururlar, həm idarə özü də oradan pul qazanır. Amma düşünmürlər ki, bu, ölkədə ümumi daşınmaz əmlakın bahalaşmasına ciddi səbəb olur”.

Sevinc İbrahimzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı