ABŞ İranın nüvə proqramı ilə bağlı narahatlıqları fonunda Tehrana qarşı yeni sanksiyalar elan edib. Artıq iki ölkə arasındakı danışıqların növbəti, yəni 5-ci raundu üçün hazırlıqlar başa çatmaq üzrədir. Bu mərhələ tərəflər arasında mümkün razılaşmaya doğru atılan növbəti addım kimi qiymətləndirilir. Danışıqların dəqiq tarixi artıq müəyyən edilib və yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Politoloq Əli Mustafa Metbuat.az-a açıqlamasında bildirib ki, bu məsələdə İsrailin mövqeyi diqqətçəkicidir, çünki İsrail İranın vurulmasında maraqlı idi:

“Lakin görünən odur ki, İran məsələsində ABŞ və İsrailin mövqeləri getdikcə bir-birindən fərqlənməyə başlayıb. ABŞ, xüsusilə Donald Tramp dövründə İranla anlaşma və uzlaşma meyli göstərib. Ümumilikdə, belə bir qənaət formalaşıb ki, ABŞ İranın nüvə proqramından tamamilə imtina etməsini istəyir. İran isə bildirir ki, nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək niyyətindədir və nüvə silahı istehsalından imtina etməyə hazırdır. Hazırda aparılan danışıqlar da məhz bu məsələlərin ətrafında cərəyan edir və tərəflər sonuncu raundun daha məhsuldar keçdiyini bildiriblər”.

Vaşinqtonla Tehran arasında razılıq mümkündür?

İran və ABŞ-nin sonda müəyyən bir razılığa gələcəklərini vurğulayan Ə.Mustafa qeyd edib ki, ABŞ əsas məqsəd kimi İranın hərbi nüvə proqramından tam imtina etməsini görür:

“İran isə öz növbəsində sülh məqsədli nüvə proqramını davam etdirməkdə israrlıdır və bu sahədə irəliləməkdə maraqlıdır. Əgər danışıqlar nəticəsiz qalarsa, ABŞ tərəfindən İrana qarşı sanksiyalar daha da sərtləşdirilə bilər. Hətta alternativ ssenarilər kimi hərbi təzyiqlər də gündəmə gələ bilər. Bununla belə, son məlumatlara görə, ABŞ bölgəyə göndərdiyi hərbi qüvvələrin bir qismini geri çəkməyə başlayıb. Bu isə onu deməyə əsas verir ki, Vaşinqton daha çox diplomatik uzlaşmaya üstünlük verir və sonda İranla razılaşma əldə olunacağı ehtimalı yüksəkdir”.

Sevinc İbrahimzadə / Metbuat.az