[ 09 İyun 2015 15:32 ]
Bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova deyib.
S. Rüstəmova bildirib ki, Şamaxı, Salyan və Quba istiqamətindən paytaxta girişdə böyük ət kəsimi məntəqələri tikiləcək: “Məqsəd şəhərə diri heyvanların gətirilməsinin qarşısını almaqdır. Həmin ət kəsimi məntəqələrinə mərkəzləşdirilmiş qaydada nəzarət olunacaq”.
Xidmət rəisi paytaxtda qeyri-qanuni ət kəsimlərinin ləğv edildiyini də bildirib: “Qeyri-qanunu ət kəsimlərinə görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan pul cəzalarının miqdarı çox aşağıdır. İnsanlar demək olar ki, eyni əməlləri təkrar edirlər. Bildiyiniz kimi, I Avropa Oyunları ilə əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejimində çalışır. Artıq cədvəl üzrə xeyli iş görülüb. Baytarlıq-sanitariya ekspertiza laboratoriyasının əməkdaşları növbəli iş rejiminə keçiblər. Bazarlara məhsullar adətən gecələr gəlir. Onlar gecə məhsulların müayinələrini aparırlar ki, səhər satışda problem çıxmasın”.