Azərbaycanda kapital bazarına investor marağında son illərlə müqayisədə nəzərəçarpacaq artım müşahidə olunur.
Bunu Metbuat.az-a açıqlamasında Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, xüsusilə qiymətli kağızların yerləşdirilməsi zamanı təklif olunan həcmə qarşı investor tələbinin artması bazarda aktivliyin yüksəldiyini göstərir.
Ruslan Xəlilov qeyd edib ki, 2021–2023-cü illərlə müqayisədə hazırda emissiyalara maraq daha geniş investor kütləsini əhatə edir. BFB rəhbəri bunu kapital bazarında həyata keçirilən tədbirlərin və bazarın inkişafı istiqamətində görülən işlərin nəticələrindən biri kimi qiymətləndirib.
O, istiqrazların ikinci bazarında ticarətin daha da təkmilləşdirilməsi istiqamətində işlərin davam etdiyini də bildirib. Yeni funksionallıq investorların brokerlər vasitəsilə listinqdə olan qiymətli kağızları ikinci bazarda avtomatlaşdırılmış qaydada alıb-satmasına imkan verəcək.
Xəlilovun sözlərinə görə, istiqrazların qiymətləndirilməsi, o cümlədən “clean price” və “dirty price” qiymətin hesablanması ilə bağlı məsələlər bazar iştirakçıları və broker şirkətləri ilə müzakirə edilərək razılaşdırılıb. Bundan sonra müvafiq texniki funksionallığın hazırlanması üçün vendor şirkətə sifariş verilib.
BFB sədri, həmçinin IPO bazarının perspektivlərinə toxunub. O bildirib ki, telekommunikasiya sektoru IPO üçün potensial istiqamətlərdən biri olsa da, hazırda emissiya və sənədləşmə mərhələsinə keçmiş konkret şirkət yoxdur.
“Gələcək illərdə IPO-ların sürətlənməsinin şahidi olacağımıza ümid edirəm”, – deyə Ruslan Xəlilov bildirib.
Özbəkistan kapital bazarı ilə əməkdaşlığa münasibət bildirən BFB rəhbəri iki ölkənin birjaları arasında yaxşı münasibətlərin, fikir və təcrübə mübadiləsinin olduğunu, lakin hazırda konkret inteqrasiya layihəsinin gündəmdə olmadığını qeyd edib.
Gülbeniz Hüseynli / Mətbuat.az