Bakı Fond Birjasının (BFB) Əbu-Dabi Qiymətli Kağızlar Birjası (ADX) ilə qarşılıqlı ticarət imkanlarının yaradılması istiqamətində inteqrasiya işləri davam etdirilir.
Metbuat.az xəbər verir ki, bunu BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda tərəflər arasında texniki qoşulma və bazar testləri istiqamətində işlər aparılır. BFB prosesin mümkün qədər tez yekunlaşdırılmasında maraqlıdır.
Xəlilov bildirib ki, əsas məqsəd Əbu-Dabidə fəaliyyət göstərən brokerlərin Azərbaycan kapital bazarına çıxış imkanlarının yaradılmasıdır. Bununla yanaşı, xarici brokerlərin yerli bazarda birbaşa fəaliyyət göstərməsi üçün mövcud qanunvericiliyin tələbləri də nəzərə alınmalıdır.
BFB rəhbəri qeyd edib ki, bu istiqamətdə müəyyən hüquqi məsələlərin həlli və müvafiq dəyişikliklərin edilməsi zərurəti yarana bilər.
Qeyd edək ki, Bakı Fond Birjası, Milli Depozit Mərkəzi və “Azər Türk Bank” 2025-ci ilin noyabrında ADX ilə “Tabadul” layihəsi çərçivəsində Kollektiv Mübadilə Sazişi imzalayıb. “Tabadul” platformasının BFB və ADX üzvlərinə qarşılıqlı bazarlarda ticarət imkanları yaratması nəzərdə tutulur.
Ruslan Xəlilov daha əvvəl inteqrasiya çərçivəsində texnoloji qoşulma və test proseslərinin aparıldığını, mexanizmin Əbu-Dabidəki brokerlərin müəyyən tələblərə əməl etməklə Bakı Fond Birjasında ticarət aparmasına imkan yaratmasının hədəfləndiyini açıqlayıb.