Azərbaycan-Ermənistan sülh gündəliyi artıq yalnız iki ölkə arasında münasibətlərin normallaşdırılması məsələsi kimi qiymətləndirilmir. Proses Cənubi Qafqazda nəqliyyat və kommunikasiya xətlərinin yenidən qurulması, iqtisadi əlaqələrin genişlənməsi və regionun geosiyasi balansının dəyişməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Vaşinqtonda əldə olunan razılaşmalar bu baxımdan yeni mərhələnin əsasını qoymaqla yanaşı, Azərbaycanın regional proseslərdəki rolunu da daha aydın şəkildə ortaya çıxarır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev hesab edir ki, ABŞ və Rusiya arasında aparılan təmaslarda Cənubi Qafqaz məsələsinin də xüsusi yer tutması təbiidir.
Millət vəkili Metbuat.az-a açıqlamasında bildirib ki, hazırkı proseslərə yalnız hansısa dövlətin regional üstünlük qazanması prizmasından yanaşmaq düzgün deyil, əsas məsələ Azərbaycanın dəyişən geosiyasi şəraitdə mövqeyinin necə formalaşacağıdır:

Fotoda: millət vəkili Arzu Nağıyev
“Son vaxtlar Cənubi Qafqazda baş verən hadisələr bir daha göstərir ki, region böyük güclərin ciddi maraq dairəsindədir. ABŞ-nin kəşfiyyat rəhbərinin Rusiyaya səfəri və burada müxtəlif məsələlərin müzakirə olunması fonunda Cənubi Qafqazın da gündəmdə olması təbiidir. Burada söhbət hansısa gücün qalib gəlməsindən getmir, əsas məsələ Azərbaycanın dəyişən geosiyasi şəraitdə tutduğu mövqedir. ABŞ-nin TRIPP layihəsində əsas məqsədlərdən biri regionun Rusiya və İran marşrutlarından asılılığını azaltmaq, eyni zamanda Azərbaycan-Ermənistan sülhünün iqtisadi bağlantılarını möhkəmləndirməkdir. Rusiya öz mövqeyini qoruyur, zəifləsə də, bu oyundan çıxmır və çıxmayacaq. Əsas dəyişiklik isə ondan ibarətdir ki, Rusiya əvvəllər Cənubi Qafqazın təhlükəsizlik arxitekturasında əsas söz sahibi idisə, indi prosesdə ABŞ, Türkiyə, Azərbaycan və digər aktorlar da daha fəal iştirak edir. Digər tərəfdən, İran da baş verən proseslərdən ciddi narahatlıq keçirir, çünki burada Azərbaycan faktoru, Türkiyə-Azərbaycan xəttinin Ermənistan üzərindən genişlənməsi və TRIPP layihəsinin həyata keçirilməsi kimi məsələlər var və İranı bu prosesdən kənarda saxlamaq mümkün deyil”.
Arzu Nağıyev vurğulayıb ki, Azərbaycanın geosiyasi əhəmiyyəti onun əlverişli coğrafi mövqeyi və müxtəlif istiqamətlərdə formalaşdırdığı əməkdaşlıq imkanları ilə bağlıdır. Onun sözlərinə görə, Xəzər dənizinə çıxış, Bakı-Tbilisi-Qars və Orta Dəhliz kimi layihələr, Naxçıvanın Mərkəzi Asiya ilə əlaqələr baxımından yaratdığı imkanlar, Türkiyə ilə strateji müttəfiqlik, Rusiya və İranla qonşuluq, Avropa ilə enerji və nəqliyyat əməkdaşlığı Azərbaycanın regional çəkisini artıran əsas amillərdir:
“Azərbaycanın üstünlüyü ondadır ki, müxtəlif geosiyasi və iqtisadi istiqamətlərin kəsişməsində yerləşir. Xəzər dənizinə çıxışımız, Bakı-Tbilisi-Qars və Orta Dəhliz kimi mühüm nəqliyyat layihələrimiz var. Naxçıvan amili Mərkəzi Asiya ilə bağlantılar baxımından əlavə imkanlar yaradır. Türkiyə ilə strateji müttəfiqliyimiz, Rusiya ilə coğrafi qonşuluğumuz və İranla sərhədimiz də ölkənin regional mövqeyinə təsir edən mühüm amillərdir. Bununla yanaşı, Avropa ilə enerji və nəqliyyat sahəsində əməkdaşlıq Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da artırır. Bütün bunlar Azərbaycanı böyük güclərin əməkdaşlıq etməli olduğu mühüm regional tərəfdaşa çevirir”.
A.Nağıyev qeyd edib ki, Türkiyə NATO üzvü olması, Azərbaycanla strateji müttəfiqliyi və Mərkəzi Asiyaya çıxış imkanları ilə Cənubi Qafqazda ən mühüm regional aktorlardan birinə çevrilib. Onun sözlərinə görə, Zəngəzur Dəhlizi və Orta Dəhlizin inkişafı ilə yanaşı, Azərbaycan-Ermənistan sülhünün əldə olunması və kommunikasiyaların açılması Türkiyənin regiondakı mövqeyini daha da gücləndirəcək. Deputat hesab edir ki, bu proses Cənubi Qafqazla Mərkəzi Asiya arasında əlaqələrin genişlənməsinə və Türkiyənin iqtisadi-geosiyasi təsir imkanlarının artmasına şərait yaradacaq.
Milli Məclisin deputatı Hikmət Babaoğlunun fikrincə, Azərbaycanın son illərdə həyata keçirdiyi iri regional və beynəlxalq layihələr ölkənin enerji, nəqliyyat və kommunikasiya potensialını vahid geostrateji xətt üzrə birləşdirib. O hesab edir ki, yeni təşəbbüslərin də bu sistemə əlavə olunması Azərbaycanın Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında əsas əlaqələndirici platformalardan birinə çevrilməsini sürətləndirir.

Fotoda: millət vəkili Hikmət Babaoğlu
H.Babaoğlu qeyd edib ki, TRIPP marşrutunun reallaşması, Bakı-Tbilisi-Qars xəttinin Naxçıvan istiqamətində davam etdirilməsi və Trans-Xəzər bağlantılarının inkişafı Azərbaycanın regional əhəmiyyətini artıran əsas amillərdəndir. O vurğulayıb ki, Çin və Mərkəzi Asiyanın Xəzər üzərindən Azərbaycan vasitəsilə Türkiyə və Avropa bazarlarına çıxışının genişlənməsi ölkənin tranzit imkanları ilə yanaşı, geoiqtisadi rolunu da gücləndirir:
“Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi və Ələt Azad İqtisadi Zonasının yaradılması bu bağlantıların iqtisadi dayaqlarını möhkəmləndirir. Azərbaycan, Türkiyə və Gürcüstan arasında rəqəmsal gömrük və sənədləşmə mexanizmlərinin tətbiqi gələcəkdə marşruta qoşulacaq digər ölkələr üçün də nümunə təşkil edə bilər.
Azərbaycanın bağlantı siyasəti yalnız nəqliyyat layihələri ilə məhdudlaşmır, Türk dünyasında siyasi və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi də bu strategiyanın mühüm istiqamətidir. Mərkəzi Asiya ölkələri ilə siyasi və iqtisadi əlaqələrin gücləndirilməsi Orta Dəhlizin imkanlarını daha da genişləndirəcək. Enerji, investisiya və nadir torpaq elementləri sahəsində əməkdaşlığın inkişafı Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında daha geniş iqtisadi əlaqələr sisteminin yaranmasına şərait yaradır. Trans-Xəzər marşrutunun gələcək inkişafı yalnız yükdaşımalarla məhdudlaşmamalıdır. Bu marşrut enerji və rəqəmsal bağlantı platformasına çevrilməklə Azərbaycanın regional iqtisadi rolunu daha da gücləndirə bilər”.
Gülbəniz Hüseynli / Metbuat.az
Məqalə Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.
