[ 12 İyun 2015 13:05 ]



Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ukrayna Dövlət Fiskal Xidmətinin rəisi Roman Nəsirovu qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanda olmasından məmnunluğunu bildirən R. Nəsirov I Avropa Oyunlarının keçirilməsi münasibətilə ölkəmizi təbrik edib və xeyli sayda ukraynalı idmançının yarışlarda iştirak edəcəyini diqqətə çatdırıb.

R. Nəsirov həmçinin Ukraynada cərəyan edən proseslərlə bağlı qısa məlumat verib.

E. Məmmədyarov isə ukraynalı idmançıların Oyunlar zamanı uğurla çıxış edəcəyinə ümidvar olduğunu bildirib. Nazir Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verərək münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə beynəlxalq səviyyədə tanınmış sərhədlərə və dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmət çərçivəsində həll olunmasının vacibliyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.