Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) öhdəliklərinin kapitala nisbəti üzrə yeni hədlər müəyyənləşdirilib.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov məlumat verib.
Onun sözlərinə görə, BOKT-ların öhdəliklərinin kapitala nisbəti üzrə 1, 3 və 10 misli hədlər nəzərdə tutulur.
AMB rəsmisi bildirib ki, hazırda ölkədə BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcəsi təxminən 35 faiz təşkil edir. Yeni yanaşmanın məqsədi təşkilatların cəlb etdikləri vəsaitləri müştərilərə həddindən artıq yüksək faizlə təqdim etməsinin qarşısını almaq, eyni zamanda onların kifayət qədər kapital ehtiyatına malik olmasını təmin etməkdir.
Xəyyam İsmayılovun sözlərinə görə, məsələn, kapitalı 5 milyon manat olan BOKT-un öhdəlikləri 5 milyon və ya 15 milyon manat səviyyəsində ola bilər. İstehlak kreditləri üzrə tətbiq olunan faiz dərəcəsi müəyyən edilmiş həddi keçmədiyi halda isə təşkilata kapitalının 10 mislinədək öhdəlik cəlb etmək imkanı verilə bilər.
O vurğulayıb ki, öhdəliklərin davamlı şəkildə artırılması BOKT-lar üçün əlavə risklər yaratdığından kapital tələblərinin qorunması mühüm əhəmiyyət daşıyır.