Dünyanın ən uzunömürlü insanlarından biri kimi tanınan Maria Branyas Morera 117 il 168 gün yaşayıb. Onun ölümündən əvvəl götürülən bioloji nümunələri araşdıran alimlər qadının orqanizmində diqqətçəkən xüsusiyyətlər aşkarlayıblar.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, araşdırma zamanı Moreranın hüceyrələrinin xronoloji yaşından təxminən 23 il daha gənc olduğu müəyyənləşib. Alimlər onun qan, tüpürcək, sidik və nəcis nümunələrini genetik və metabolik baxımdan təhlil ediblər.
Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri qadının bağırsaq mikrobiotası ilə bağlı olub. Məlum olub ki, Moreranın bağırsaqlarında yaş artdıqca azalması gözlənilən Bifidobacterium adlı faydalı bakteriyaların səviyyəsi yüksək olub.
Bununla yanaşı, Moreranın uzun illər ərzində hər gün təxminən üç porsiya qatıq yediyi məlum olub. Alimlər qatığın tərkibindəki faydalı bakteriyaların bağırsaq sağlamlığına müsbət təsir göstərdiyini bildirirlər.
Lakin mütəxəssislər onun uzunömürlülüyünü yalnız qatıqla əlaqələndirmirlər. Moreranın Aralıq dənizi tipində qidalanması, fiziki aktiv həyat tərzi, siqaret və alkoqoldan uzaq olması da uzun ömrün mümkün amilləri sırasında göstərilir.
Araşdırma zamanı qadının orqanizmində iltihab göstəricilərinin aşağı olduğu, bəzi genetik və bioloji xüsusiyyətlərinin isə yaşına nisbətən daha gənc profil göstərdiyi müəyyən edilib.
Qatığın sağlamlığa təsiri ilə bağlı daha geniş araşdırmalar da aparılıb. Təxminən 900 min insanın məlumatlarının təhlili zamanı müntəzəm qatıq qəbul edən şəxslərdə ölüm riskinin daha aşağı olduğu müşahidə edilib. Bununla belə, alimlər bu nəticələrin qatığın uzunömürlülüyə birbaşa səbəb olduğunu sübut etmədiyini vurğulayırlar.