Dünyada elə bir qəsəbə var ki, onun əhalisinin sayı bir çox binalardakı mənzillərin sayından belə azdır. Xorvatiyada yerləşən Hum qəsəbəsində cəmi 52 nəfər yaşayır. Kiçik ölçüsünə baxmayaraq, tarixi və özünəməxsus görünüşü ilə bu məkan turistlərin böyük marağına səbəb olur.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Hum Xorvatiyanın İstriya bölgəsində, təpələrin arasında yerləşir. Qəsəbənin uzunluğu cəmi 100, eni isə 30 metrdir. 2021-ci il siyahıyaalınmasına əsasən, burada 52 nəfər yaşayır. Əhalisinin azlığı və kiçik ərazisi kəndi xatırlatsa da, Hum rəsmi olaraq qəsəbə statusunu qoruyub saxlayır.
Daş evləri, dar küçələri və yaşıllıqlarla əhatə olunan ərazisi Hum-a nağıl ab-havası bəxş edir. Qəsəbədə cəmi iki daş döşənmiş küçə və bir giriş qapısı var. Tarixi görünüşünü isə təxminən 20 qədim daş tikili tamamlayır.
Humun tarixi də olduqca qədimdir. Qəsəbənin adı tarixi mənbələrdə ilk dəfə 1102-ci ildə “Cholm” kimi qeyd edilib. Burada orta əsrlərə aid kilsələr də qorunub saxlanılır. Onlardan biri XII əsrdə inşa edilən Müqəddəs Jerom kilsəsidir. Kilsə qədim freskaları və qlaqolitik yazıları ilə diqqət çəkir.
Hum yerli mətbəxi və ənənələri ilə də tanınır. Qəsəbənin məşhur məhsullarından biri “biska” adlı bitki mənşəli içkidir. Bu içkinin hazırlanmasında istifadə olunan reseptin təxminən 2 min il yaşı olduğu bildirilir.
Kiçik ölçüsünə baxmayaraq, Hum turistlərin maraq göstərdiyi məkanlardan biridir. Qəsəbəyə gələnlər əsasən qədim daş küçələrə, tarixi tikililərə və ətrafdakı mənzərələrə baxmaqla vaxt keçirirlər.