Lənkəran Mərkəzi Xəstəxanasında LOR həkimi Etibar Məmmədovun əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı məsələ həllini tapıb.
Metbuat.az xəbər verir ki, bir neçə gün əvvəl tanınmış poliqlot Aslan Məmmədzadə məsələ ilə bağlı xəstəxananın İnsan Resursları şöbəsinin müdiri Elbəy Fətəliyev barədə iddia səsləndirib.
Aslan Məmmədzadə Metbuat.az-a açıqlamasında bildirib ki, müraciətdən sonra TƏBİB rəhbərliyi məsələyə operativ reaksiya verib. Onun sözlərinə görə, TƏBİB-in icraçı direktorunun müavini Rəhim Hüseynov onu qəbul edib və görüş zamanı məsələ ilə bağlı sənədlər və digər materiallar təqdim olunub.
O qeyd edib ki, Etibar Məmmədovun 15 yanvar 2027-ci ilədək qüvvədə olan əmək müqaviləsinə 30 iyun 2026-cı ildə, müddətin başa çatmasına təxminən 6 ay qalmış xitam verilib. Müraciətdə müqavilənin 15 yanvar 2026-cı ildə bağlandığı və sonradan qüvvəyə minən qanunvericilik müddəalarının həmin müqaviləyə tətbiq edilməsinin qanunvericiliyə uyğun olmadığı bildirilib.
Aslan Məmmədzadənin sözlərinə görə, aparılan daxili araşdırma nəticəsində həkimin əmək müqaviləsinə xitam verilməsi zamanı pozuntular müəyyən edilib. Həmçinin Elbəy Fətəliyevin fəaliyyəti ilə bağlı digər hallar da aşkarlanıb və o, vəzifəsindən azad edilib.
Aslan Məmmədzadə məsələnin araşdırılmasına və göstərilən münasibətə görə TƏBİB rəhbərliyinə təşəkkür edib.
“Başda Rəhim Hüseynov olmaqla, Lənkəran Mərkəzi Xəstəxanasının baş həkimi Oktay Əmənullayevə və araşdırmada əməyi olan bütün TƏBİB əməkdaşlarına təşəkkürümü bildirirəm”, - deyə o qeyd edib.