Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın aylıq vəzifə maaşı 3060 manatdan 12 min manata qaldırılıb. Yeni məbləğ 2026-cı il yanvarın 1-dən tətbiq ediləcək.

Metbuat.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişiklik edilib.

Qanuna əsasən, ombudsmanın aylıq vəzifə maaşı 12 min manat müəyyənləşdirilib. Əvvəlki qanunda bu məbləğ 3060 manat idi. Eyni zamanda, müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində əlavə ödənilməsi ilə bağlı müddəa ləğv edilib.

Dəyişikliyin 2026-cı il yanvarın 1-dən tətbiq edilməsi nəzərdə tutulur.

Sadə hesablamaya görə, yeni və əvvəlki maaş arasındakı 8940 manatlıq aylıq fərq 10 ay üzrə 89 400 manat təşkil edir.

Qanunun keçid müddəasına əsasən, bu tarixədək ombudsmana ödənilmiş vəzifə maaşı, əlavə, mükafat və digər ödənişlər yeni müəyyən edilən aylıq vəzifə maaşına daxil edilir. Buna görə 89 400 manat yalnız maaş fərqi əsasında aparılan hesablamadır və faktiki yekun ödəniş məbləği fərqli ola bilər.

Qeyd edək ki, Azərbaycanda İnsan hüquqları üzrə müvəkkil vəzifəsini 2019-cu ildən Səbinə Əliyeva icra edir.

Bu məmura 10 aylıq maaş fərqi ödəniləcək -

Fotoda: Səbinə Əliyeva