“Başqa ölkələrin bizim işlərimizə müdaxilə etməsi, hansısa həyat tərzini öyrətməyə çalışması həmin ölkələrin geriliyindən irəli gəlir. Çünki təklif olunan həyat tərzi insanların yaşayışı və rifahı üçün adekvat deyilsə, onu nəinki başqalarına öyrətməməli, hətta dilə gətirməyə belə utanmalıdırlar”.
Bu fikirləri Metbuat.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib. Millət vəkili bildirib ki, qadınların dini hüquqlarından danışarkən, öncə, ölkəndə bu hüquqların necə təmin olunduğuna diqqətlə baxmalısan:
“Məsələnin birinci tərəfi budur ki, zorakılıq içində inləyən Şərq qadınının, müsəlman qadınının faciəsinə dönüb baxmalı və onun azadlığını necə təmin etmək barədə düşünməlisən.
İkincisi, biz özümüz də belə müdaxilələrə müəyyən dərəcədə əsas verən mühitin yaranmasına şərait yaratmamalıyıq. Açığı, bizim cəmiyyətimizdə də müəyyən dərəcədə cəhalət mövcuddur. Xüsusilə də ziyalılar tərəfindən cəhalət elementlərini körükləyən xeyli addımlar atılır. Biz cəhalətə rəvac verən, onu stimullaşdıran bu cür addımların tənqid olunmasına çalışmalıyıq.
XX əsrin əvvəllərində Azərbaycan ziyalıları cəhaləti dəstəkləyən ziyalıların qara qüvvələrinə qarşı daha böyük cəsarətlə və daha kəskin şəkildə çıxış edirdilər. İndi isə hər kəs qorxudan səsini çıxarmır. Bu da dini radikallaşmanın daha da genişlənməsinə rəvac verir və nəticədə insanların doğru anlayışlara sahib olmamasına gətirib çıxarır”.
Fazil Mustafa vurğulayıb ki, hicabla bağlı məsələlər də məhz doğru anlayışların olmamasından qaynaqlanır. Millət vəkili düşünür ki, əgər bu məsələləri düzgün izah etsək, görərik ki, Azərbaycanda İslam dəyərləri kimi təqdim olunan həyat tərzinin bir çox elementləri Quranda yoxdur və aid deyil:
“Bu davranışlar Qurana əsaslanan davranışlar deyil. Bəs nə etməliyik? Biz bəzən Quranı da düzgün təbliğ etmirik. Ən böyük təhlükələrdən biri isə “ənənəvi din” anlayışının spekulyasiya predmetinə çevrilməsidir.
Yəni ənənəvi dinimiz dəyişməməli, onun yanlışları düzəldilməməlidir? Axı bizim ənənəvi dinimiz dedikdə həm Şeyx Nəsrullanın, həm də Molla Sadığın təmsil etdiyi dini təsəvvürlər nəzərdə tutula bilər. Filmlərdə və əsərlərdə gördüyümüz dini də ənənəvi dinin bir hissəsi kimi qəbul edə bilərik. Halbuki “Molla Nəsrəddin” jurnalı bütün gücü ilə bu cür düşüncələrə qarşı çıxır, cəmiyyətin maariflənməsi istiqamətində addımlar atırdı.
Amma indi bizdə ənənəvi din anlayışını hansısa şəkildə siyasi alətə çevirmək istəyənlər peyda olurlar. Ona görə də dinin mahiyyətinə uyğun, Qurana əsaslanan din anlayışına daha çox önəm verməliyik.
Əgər hansısa həyat tərzinin Qurana uyğun olduğu iddia edilirsə, bu iddianın özü də düzgün şəkildə qiymətləndirilməlidir. Çağdaşlıq prinsiplərini ənənə adı altında inkar etsək, bu yanaşma bütün cəmiyyətə sirayət edəcək”.