Türkiyənin sosial şəbəkələrində son günlər Azərbaycanla bağlı müzakirələr geniş vüsət alıb. Məktəbli geyimi ilə bağlı qərardan sonra bəzi siyasi dairələrin və dini qrupların Azərbaycana qarşı kampaniyaya başlaması, diplomatik nümayəndəliklərimiz qarşısında aksiyalar keçirməsi ciddi etirazlarla qarşılanıb. Türkiyənin özündə də çoxsaylı vətəndaşlar Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərini tənqid edərək Bakının mövqeyini müdafiə edirlər.

Metbuat.az xəbər verir ki, sosial şəbəkələrdə “Qardaşlarımız düz yoldadır!”, “Azərbaycan işıq gələn tərəfə gedir, biz isə qaranlığa qayıdırıq”, “Başqa dövlətin işinə qarışmaq qonşunun evinə icazəsiz girməyə bənzəyir” kimi fikirlər səsləndirilir. Bu reaksiyalar həm Azərbaycana dəstəyi, həm də Türkiyə cəmiyyətində dünyəvilik və dövlət-din münasibətləri ətrafında gedən müzakirələri əks etdirir.

Azərbaycanın qərarı niyə müzakirə olunur?

Mübahisənin mərkəzində dövlət məktəblərində vahid geyim qaydaları dayanır. Sentyabrın 21-də Nazirlər Kabinetinin 309 nömrəli qərarı ilə məktəbli geyiminə dair qaydalar dəyişdirilib. Qərarın tətbiqi zamanı hicablı şagirdlərin dərsə buraxılmaması ilə bağlı yayılan məlumatlar müzakirələri daha da qızışdırıb.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası bunla bağlı bəyanat yayıb. İqtidar partiyası Türkiyədən səslənən bəzi açıqlamaları tənqid edərək ölkənin daxili işlərinə müdaxilənin yolverilməz olduğunu vurğulayıb.

Azərbaycan müstəqil dövlətdir və təhsil siyasətini müəyyənləşdirmək hüququna malikdir. Bu, Türkiyəyə qarşı mövqe deyil, dövlət suverenliyinin tələbidir.

“Bir millət, iki dövlət” müdaxilə hüququ vermir

Azərbaycanla Türkiyəni birləşdirən tarixi, mədəni və mənəvi bağlar hər iki xalq üçün böyük sərvətdir. Lakin “Bir millət, iki dövlət” prinsipi bir ölkənin digərinə öz siyasi və ideoloji baxışlarını qəbul etdirmək hüququ vermir. Əksinə, bu münasibətlər qarşılıqlı hörmətə və müstəqilliyə əsaslanmalıdır.

Ankara və İstanbulda diplomatik nümayəndəliklərimiz qarşısında keçirilən aksiyalarda məktəbli geyimi məsələsinin Azərbaycanın xarici siyasəti ilə əlaqələndirilməsi də düşündürücüdür. Bu, mübahisənin təhsil məsələsindən kənara çıxarılaraq siyasi təzyiq vasitəsinə çevrilməsi barədə suallar yaradır.

Türkiyədəki etirazlar nəyi göstərir?

Sosial şəbəkələrdəki “ərəbləşmə” və “mollalaşma” müzakirələri Türkiyənin dünyəvi dövlətçilik ənənələri ilə bağlı narahatlıqları da üzə çıxarır. Burada söhbət dini inanclara qarşı çıxmaqdan deyil, dinin siyasi mübarizə vasitəsinə çevrilməsindən gedir. İnsanların dini azadlıqları qorunmalı, dövlət məktəbləri isə ideoloji qarşıdurma meydanına çevrilməməlidir.

Bu fikirləri bütün Türkiyə cəmiyyətinin mövqeyi kimi təqdim etmək olmaz. Ancaq bir məqam aydındır: Azərbaycana qarşı kampaniyanı Türkiyə xalqının yekdil mövqeyi kimi göstərmək yanlışdır. Türkiyənin özündə də Azərbaycanın qərarına hörmətlə yanaşan, başqa dövlətin daxili işlərinə müdaxiləni qəbul etməyən insanlar var.

Onların sayı hər ötən ügn artır…

Qardaşlıq qarşılıqlı hörmət tələb edir

Azərbaycanla Türkiyə arasındakı strateji tərəfdaşlıq ayrı-ayrı siyasi mübahisələrdən daha böyükdür. Bu münasibətlərin qorunması üçün emosional çağırışlardan çox, sağlam düşüncə və qarşılıqlı hörmət lazımdır.

Məktəbli geyimi ilə bağlı qərarın tətbiqində yaranan problemlər hüquqi yolla həll edilməli, şagirdlərin təhsil hüququ təmin olunmalıdır. Eyni zamanda, bu həssas məsələ Azərbaycana siyasi təzyiq göstərmək üçün istifadə edilməməlidir.

“Qardaşlarımız düz yoldadır!” deyən Türkiyə vətəndaşlarının mövqeyi bir həqiqəti xatırladır: qardaşlıq yalnız ortaq dəyərlər deyil, bir-birinin müstəqil qərarlarına hörmət etmək bacarığıdır. Azərbaycan öz yolunu seçmək hüququna malikdir. Türkiyə ilə münasibətlərimizin möhkəmliyi də məhz qarşılıqlı suverenliyə hörmətdən keçir.

Sosial şəbəkələrdə ortaq mövqe

Türkiyədə Azərbaycana dəstək verən vətəndaşların mövqeyi göstərir ki, iki ölkə arasındakı qardaşlıq münasibətləri ayrı-ayrı siyasi qrupların yanaşması ilə ölçülə bilməz. Sosial şəbəkələrdə səslənən fikirlər arasında Azərbaycanın müstəqil qərarlarına hörmət edilməsini tələb edən çağırışlar xüsusi diqqət çəkir. Bir çox istifadəçi hesab edir ki, Türkiyə ilə Azərbaycan arasındakı dostluq qarşılıqlı etimada söykənməli, mübahisəli məsələlər siyasi qarşıdurma vasitəsinə çevrilməməlidir. Başqa ölkənin qərarını tənqid etmək mümkün olsa da, bu, həmin dövlətin daxili işlərinə müdaxiləyə və diplomatik nümayəndəliklərinə qarşı təzyiqə haqq qazandırmır. Əsl qardaşlıq da məhz fikir ayrılıqlarına baxmayaraq, bir-birinin suverenliyinə və seçimlərinə hörmətlə yanaşmaqdan başlayır.