Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynada mümkün prezident seçkiləri və atəşkəs məsələsi ilə bağlı açıqlama verib.
Metbuat.az xəbər verir ki, Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskinin seçkilərin keçirilməsini əvvəlcədən qəbuledilməz şərtlərlə əlaqələndirdiyini iddia edib.
“Cənab Zelenski artıq açıq şəkildə göstərib ki, seçkilər onu maraqlandırmır. Çünki o, seçkilərin keçirilməsini əvvəlcədən qəbuledilməz olan şərtlərlə əlaqələndirib. Onu yenidən özünə gətirmək və silahla təmin etmək üçün heç bir atəşkəs olmayacaq”, – deyə Lavrov cümə axşamı Bakıda keçirilən mətbuat konfransında bildirib.
Rusiya XİN rəhbəri bu fikirləri Ukraynada prezident seçkiləri keçiriləcəyi təqdirdə Moskvanın mümkün sülh danışıqlarında güzəştlərə getməyə hazır olub-olmadığı barədə suala cavab verərkən səsləndirib.