Bakıda televiziya əməkdaşlarına hücum edən şəxslərlə bağlı polis tədbir görüb.

Metbuat.az xəbər verir ki, oktyabrın 28-də Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə çəkiliş aparan Real TV və Space TV əməkdaşları bir qrup şəxsin hücumuna məruz qalıblar. İnsident zamanı media nümayəndələri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə ilə bağlı polis tərəfindən bir neçə nəfər saxlanılıb. Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, hadisə həmin məktəbdə 7-ci sinif şagirdinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı ilə bağlı çəkiliş aparılan zaman baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, oktyabrın 28-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin 4-cü mərtəbədən yıxılması və aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.