“Azərbaycan Asiya-Sakit okean bazarı, eləcə də Çin üçün yeni istiqamətdir. Düşünürəm ki, bu ölkə hələ çoxlarının kəşf etmədiyi özünəməxsus cazibəyə malikdir”.

Metbuat.az xəbər verir ki, bunu “Çuntsin Holiday International Travel Service” şirkətinin baş direktoru Zhujia Yang “PATA Hosted Buyers Summit Baku 2026” tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi, İpək Yolu irsi, İçərişəhərin tarixi memarlığı və Bakının müasir görkəmi ölkəmizin turizm potensialını artıran əsas amillərdəndir.

Zhujia Yang Çinlə Azərbaycan arasında birbaşa aviareyslərin və əlverişli viza rejiminin turist axınının artmasına imkan yaratdığını qeyd edib.

“Pekindən Bakıya birbaşa uçuşlar həyata keçirilir, Şanxaydan isə uçuşların təşkili istiqamətində işlər aparılır. Bu amillər Azərbaycana səyahətə marağı artıra bilər”, - deyə o vurğulayıb.