Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.

Metbuat.az xəbər verir ki, interpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxsin oktyabrın 29-da Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.

Belə ki, 2020-ci ildə “GP Stock Feed” MMC-də satış üzrə mütəxəssis vəzifəsində çalışarkən müxtəlif vaxtlarda şirkətin kassasına ödənilməli olan ona etibar edilmiş ümumilikdə 78000 manat məbləğində külli miqdarda pulu nağd şəkildə distribütorlardan götürüb şəxsi məqsədləri üçün istifadə etməklə mənimsəməkdə (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi) ittiham olunan Azərbaycan Respublikasının vətəndaşı Abdulxalıqov Elçin Nüsrət oğlunun yeri Albaniya Respublikasında müəyyən olunub və o, həbs edilib.

Baş Prokurorluğun sorğusundan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində dövlətimizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Albaniya Respublikasının ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.

Abdulxalıqov Elçin Nüsrət oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Albaniya Respublikasından ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.