Cənubi Amerikada vaxtilə təbiətə buraxılan 4 dovşan illər sonra böyük ekoloji fəlakətə səbəb olub. Şili və Argentina arasında yerləşən Odlu Torpaq adasında bu heyvanların sürətlə çoxalması ciddi problemlər yaradıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, 1936-cı ildə Şilinin Porvenir şəhəri yaxınlığında yetişdirilmək məqsədilə təbiətə buraxılan 4 Avropa dovşanı əlverişli şərait və təbii düşmənlərin azlığı səbəbindən sürətlə artmağa başlayıb.

1953-cü ilə qədər, yəni cəmi 17 il ərzində onların sayının təxminən 30 milyona çatdığı bildirilir. Dovşanların torpağı qazması, bitki kökləri və təzə pöhrələrlə qidalanması yerli ekosistemə ciddi zərbə vurub. Xüsusilə qoyunçuluqla məşğul olan fermerlər otlaq sahələrinin yararsız hala düşməsindən zərər çəkiblər.

Problemi həll etmək üçün 1951-ci ildə adaya 24 Argentina boz tülküsü gətirilsə də, bu üsul gözlənilən nəticəni verməyib. Daha sonra tətbiq edilən miksomatoz virusu dovşanların sayını təxminən 99 faiz azaldıb.

Lakin təhlükə tam aradan qalxmayıb. 2026-cı ildə bölgədə dovşanların yenidən çoxalması narahatlıq yaradıb. Populyasiyaya nəzarət tədbirləri ilə bağlı müzakirələr isə Argentinanın Tierra del Fuego bölgəsində hüquqi müstəviyə keçib.