Qazla işləyən avadanlıqlara dair milli texniki reqlament noyabrın 6-dan qüvvəyə minib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev “Qeyri-qida istehlak mallarının təhlükəsizliyi” mövzusunda keçirilən maarifləndirmə tədbirində məlumat verib.

O bildirib ki, müvafiq qərar Nazirlər Kabineti tərəfindən may ayında qəbul edilib. Qazla işləyən avadanlıqlar 61 saylı qərarda göstərilən mal kateqoriyalarından biridir:

Bəzi qaz cihazları üçün bəyannamə tələb olunacaq

"Qazla işləyən məhsulların uyğunluğunun qiymətləndirilməsi onların növünə əsasən sertifikatlaşdırma və ya uyğunluq bəyannaməsi ilə həyata keçiriləcək. Qaz yanacağı ilə işləyən məişət qızdırıcı avadanlıqları sertifikatlaşdırılmalı, portativ və turistik qaz cihazları üzrə isə uyğunluq bəyannaməsi təqdim olunmalıdır.

Bu, bütün məhsulların sertifikatlaşdırılması demək deyil. Uyğunluğun bəyan edilməsi təsərrüfat subyektinin özü tərəfindən həyata keçirilir. İstehsalçı məhsulunun reqlamentin tələblərinə uyğun olduğunu bəyan edir. Sertifikatlaşdırılması nəzərdə tutulan məhsulların istehsalçısı və ya idxalçısı isə akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən quruma müraciət edərək sertifikat almalıdır”.

O əlavə edib ki, istehlakçılar və media nümayəndələri Agentliyin reyestrindən məhsulların sertifikatlaşdırılması və uyğunluq bəyannamələri barədə məlumat əldə edə biləcəklər.