Türkiyədə endemik hesab olunan “Tunceli sarımsqağı”nı toplayan və satanlar ətraf mühit məcəlləsinin müvafiq maddəsi ilə yüksək məbləğdə cərimə olunacaq. ANS PRESS-in məlumatına görə, tək dişli olan və toyuq yumurtası ölçülərində olan “Tunceli sarımsağı” (Alium Tuncelianum) güclü aroması və iyinin az olması ilə nadir tapılan bitkilər siyahısındadır.

Tarla şəraitində yetişdirilməsi istiqamətində iş aparılan sarımsaq dəniz səviyyəsindən 1100 ilə 2000 metr yüksəklikdə yetişir.

Meşə və Su Təsərrüfatı nazirliyi 15-ci bölgə idarəsi Tunceli şöbəsinin müdiri Əli Heydər Gürsönməz bildirib ki, nəzarətsiz və iznsiz bu sarımsağı toplayanlar və ya satmağa cəhd edənlər ekologiya qanununun müvafiq maddəsi ilə 38 751 lirə (təxminən 15 000 manat) cərimə olunacaqlar.