Moskva, 14 iyun, AZƏRTAC
AZƏRTAC-ın fotomüxbirlərinin birinci Avropa Oyunlarının açılış mərasimindən və yarışlardan çəkdikləri fotoşəkillər Rusiyanın TASS İnformasiya Agentliyinin Moskvanın mərkəzində yerləşən binasının pəncərələrindəki ekranlarda yerləşdirilib.
“Okna TASS-Sport” (“Tass-ın pəncərələri-İdman”) bölməsində birinci Avropa Oyunlarının açılış mərasimindən görüntülər Oyunlar haqqında informasiya ilə müşayiət olunur. Moskvalılara və şəhərin qonaqlarına məlumat verilir ki, birinci Avropa Oyunları Azərbaycanın paytaxtı Bakı şəhərində açılıb. Oyunlarda 50 ölkədən 6 mindən çox idmançı iştirak edir. Rusiya yığması 360 idmançı, o cümlədən 7 Olimpiya çempionu ilə təmsil olunur. Azərbaycan paytaxtında iyunun 28-dək davam edəcək yarışlarda 20 idman növündə 253 medal qazanılacaq.
Qeyd edək ki, TASS-ın təbliğat “Pəncərələri” hələ Böyük Vətən müharibəsi dövründə yaradılıb. O zaman TASS-ın pəncərələrində əllə çəkilmiş plakatlar yerləşdirilirdi. Hazırda agentliyin pəncərələrində quraşdırılmış iri ekranlarda günün ən vacib xəbərləri barədə məlumat verilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

