"Azad, müstəqil, obyektiv, qərəzsiz, operativ, kimsədən asılı olmamağa çalışan..."

Bu sözləri Euronews telekanalının rəhbərləri təmsil etdikləri struktur barədə fasiləsiz, daim söyləyirlər.
Buddist mantrası təki, özlərini və başqlarını inandırmaq üçün.
Fransanın Lion şəhərindən qərbdəki kiçik Ekülidə yerləşən üçmərtəbəli binadadır Euronews-un baş ofisi. Məhz buradan vahid videoaxın və 9 müxtəlif dildə audioaxından ibarət yayım kosmosdakı 24 peykə ötürülür.

Həmin peyklər də telekanalı Antarktidadan savayı bütün qitələrə və materiklərə translyasiya edir.
Bu yaxınlarda telekanalın ofisinin Rona və Sona çaylarının qovşağındakı biznes-mərkəzə köçürüləcəyi gözlənilir.
Di gəl, Euronews Avropa mediasının nə mərkəzi ola bildi, nə də medianı normal biznesə döndərməyi bacardı.
Televiziya işçiləri bilirlər: bu telekanal bir zamanlar operativliyi və unikal reportajları ilə seçilsə də, indi Avropanın xəbər mənbələri arasında ən son yerlərdən birini tutur.
Avropa Birliyinə daxil olan telekanallarda işləyən peşəkarlar Euronews-u "hamıdan gec, hamıdan ləng, hamıdan çaşqın" davranan telekanal kimi dəyərləndirirlər.
Telekanalın obyektivliyi və hadisələrin təqdimatındakı obyektivlik dərəcəsi Bakıda keçirilən 1-ci Avropa Oyunları ilə bağlı bir daha bəlli oldu.

Oyunlar Euronews-un Azərbaycana münasibətini bəlirləyən indikatora çevrildi.

Bakıda Avropa Oyunlarının açılış mərasimi barədə bir kəlməlik olsun belə xəbər yaymayan, bir saniyəlik də olsa, görüntü verməyən Euronews-un belə davranışı, təbii ki, peşəkarlıqdan çox uzaqdı.
Məsələ heç də telekanalın Azərbaycanla bağlı tutduğu mövqedə deyil. O mövqe ki, ölkəmiz haqqında yalnız neqativ xəbərləri yayır, Bakını isə sanki Tripoli və ya Rəqqa kimi təqdim edir.
Telekanalın reportajlarına inansaq, Azərbaycan indi Şimali Koreya ilə bəşəriyyətə naməlum, unudulmuş və bilinməyən məkanın qarışığı, qanunların olmadığı, insanların aralarındakı təmasları yalnız güc və pul vasitəsilə həll etməyə can atdıqları yerdir.

Telekanal ilk əvvəl Avropa Birliyindən olan ölkələrə sayğısızlıq etdi.
Avropanın 49 ölkəsindən Bakıya idmançılar gəlib və Avropa Oyunlarının təntənəli açılış mərasimində də həmin ölkələrin bayraqları dalğalandı, atletləri təntənəli keçidlə yürüdülər.
İdmançılar gülür, sevinir, telekameralara baxaraq əllərini yelləyirdilər.
Onlar ölkələrini, yaxınlarını, tanışlarını, ailə üzvlərini, pərəstişkarlarını salamlayırdılar. Euronews həmin avropalı idmançıların görüntülərini yayımlamadığı üçün atletlər gümanlarında yanıldılar.
İdmançılar düşünürdülər ki, Bakıdakı təntənəli mərasimi Avropada hər evdə, hər ailədə görəcəklər və bu insanların arasında onların da ailələri olacaq.
Şübhəsiz, istəyən baxıb, maraqlanan da mərasimi seyr edib.
Euronews-un "boykot"u isə mənasız, boş qərar oldu.
1992-ci ildə Avropa Yayım İttifaqının təşəbbüsü ilə ABŞ-ın CNN telekanalına rəqib kimi yaradılan, 1993-cü ildən efirdə olan və hazırda dünyanın 150 ölkəsinə verilişlərini translyasiya edən Euronews-un 1-ci Avropa Oyunlarına kəc baxmasını ideoloji mövqe saymaq olar, amma sözügedən davranış etika ilə yanaşı, media prinsiplərindən çox uzaqdır.
Telekanal "susqunluğu" ilə Azərbaycanı saymadığını, Avropa Oyunlarını da önəmli turnir hesab etmədiyini göstərmək istəyibsə, yanılıb.
Euronews ilk əvvəl Avropa Birliyindəki ölkələrdə yaşayan və bu telekanalın tamaşaçısı olan insanlara hörmətsizlik etdi.
Telekanal rəhbərliyi bildirir ki, 1-ci Avropa Oyunlarının translyasiyasından imtinanın səbəbi bu turnirin "həddən artıq siyasiləşdirilməsi" ilə bağlıdır.
Halbuki elə həmin Euronews ilin əvvəlindən bəri qondarma erməni soyqırımı ilə bağlı çoxsaylı reportajlar yaydı, aprelin 24-də Yerevandan canlı yayımı reallaşdırdı və erməni yalanlarına gen-bol yer verdi.
Belədə hansı neytrallıqdan, jurnalistika etikasına riayətdən, media peşəkarlığı prinsipləri ilə fəaliyyətdən danışmaq olar?!
Ermənistanla bağlı informasiyalarda aşkar şəkildə ermənilərin və Yerevanın müttəfiqi rolunda çıxış edən, indiyədək bu mövqeyindən əsla "sapmayan" Euronews Azərbaycana gələndə həmişə "insan haqları, demokratiya, siyasi məhbuslar, neftdən asılı ölkə" kəlmələrindən ibarət klişelərdən istifadə edir, Bakını daim neqativ çalarda təqdim edir. Olmaya Azərbaycanda yaxşı heç nə baş vermir?
İş o yerdədir ki, Burundidə uşaq bağçasının tikilməsi, Malavidə fabrikin təmiri və ya Monqolustanda kənd təsərrüfatında maldarlığın çəkisinin azalması ilə bağlı reportajları gün ərzində dəfələrlə təkrarlayan Euronews Azərbaycanda hər gün yox, hər saat ən müxtəlif sahələrdə unikal nailiyyətlər əldə olunsa belə, susacaq.
Fəqət, Bakıda yolu keçən piyadanın ayağı burxulsa, bu, Euronews üçün "hakimiyyətin uğursuz daxili və yarıtmaz xarici siyasətinin bariz göstəricisi" olacaq.
Əsl absurddur.
İstənilən halda Bakıda keçirilən 1-ci Avropa Oyunlarının başa çatmasına hələ var.
Ümid edirəm ki, Euronews təki nüfuzlu telekanalın rəhbərliyi tutduğu mövqenin elə Avropa Birliyinin bəyan etdiyi dəyərlərə zidd olduğunun fərqinə varacaq, idmanı siyasi boykot vasitəsinə çevirməyəcək və Azərbaycana mənasız təzyiqlər cəhdlərinin uğursuzluğunu anlayacaq.
Bakı kənardan absurd təsirlərə məruz qalmaq niyyətində olmadığını, böyük dövlətlərin aqressiv "məsləhət"lərinə və "dost məşvərət"lərinə qulaq asaraq xalqın mənafeyi ilə dövlətin maraqlarını hansısa təşkilatların, dövlətlərin istəklərinə qurban vermədiyini dəfələrlə nümayiş etdirib.
Euronews bunları dərk edərsə, ən azı, peşə etikası qaydalarını xatırlamış olar.
Ən azı, ona görə ki, Bakıda almanlar, fransızlar, ispanlar, isveçlilər, finlər, italyanlar, britaniyalılar və daha onlarla millətin nümayəndələri yarışırlar.
Bu atletlərin hamısı Euronews-u təsis etmiş ölkələrin vətəndaşlarıdır.
Olmaya Euronews öz təsisçilərini də görməzdən gəlmək istəyir?
...Euronews-un ən sevimli yayım janrlarından biri "No Comments"dir. Yəni videogörüntülər nümayiş olunur, günün hadisəsi şərh edilmir.
Telekanal rəhbərliyinin Bakıya münasibətini də hansısa məqamlarla izah etmək çətindir, çünki həmin davranışda məntiq yoxdur.
No comments, Euronews...

Orxan Hun
Milli.Az