Tiflisdə "Azərbaycan xalçaları Gürcüstanda" adlı sərgi açılıb - FOTO

Tiflisdə "Azərbaycan xalçaları Gürcüstanda" adlı sərgi açılıb - FOTO
17:37 25 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 17:36 ]

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstan paytaxtındakı Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə "Azərbaycan xalçaları Gürcüstanda" adlı sərgi açılıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sərgidə muzeyin nəzdində fəaliyyət göstərən xalçaçılıq studiyasının üzvlərinin toxuduğu 42 xalça və digər əl işləri nümayiş olunur.

 

Muzeyin direktoru Leyla Əliyeva APA-ya bildirib ki, 4 il ərzində muzeydə fəaliyyət göstərən studiyada 50 məktəbli xalça sənətinin sirlərinə yiyələnib: "Sərgini keçirməkdə məqsədimiz  Azərbaycan xalçaçılıq sənətini gənclərə öyrətmək və Azərbaycan xalçalarını yaşatmaqdır".

 

Studiyanın rəhbəri Sevda Əbilova isə xalçaçılıq studiyasının fəaliyyətinə Gürcüstan Mədəniyyət və Abidələri Mühafizə Nazirliyi tərəfindən maliyyə dəstəyi göstərildiyini deyib: "Artıq bir ildir ki, Tiflisdəki 73 və 75 nömrəli Azərbaycan orta məktəblərində oxuyan 8 şagirdə xalça toxumağın sirlərini öyrədirik. Biz studiyada gənc xalçaçılara "Buta", "Şirvan", "Gəncə", "Borçalı", "Qarabağ" üslubunda müxtəlif çeşidli xalçalar, eyni zamanda kilimlər də toxumağı öyrədirik. Şagirdlərimiz hələlik toxuculuq sənətinin üçüncü mərhələsinə keçiblər. Studiyamızda gənc azərbaycanlı şagirdlərlə birgə gürcü şagirdləri də Azərbaycan xalçalarının toxunmasını öyrənirlər. Məryəm Mikeladze 8-ci sinifdə oxuyur və azərbaycanlı uşaqlarla xalçaçılığın sirlərinə yiyələnir. Gənc xalçaçılardan Fatma Vəliyeva, Dilbər Quliyeva, Rəna Xəlilova və başqalarının bu sənətə həvəsi olduqca çoxdur. Biz gələcəkdə daha böyük xalçalar toxumağı planlaşdırırıq. Bu gün açılışını elan etdiyimiz sərgimizə Tiflis şəhərinin sakinləri və incəsənət adamları və valideynlər də baxıblar".

 

"Azərbaycan xalçaları Gürcüstanda" sərgis yanvarın 15-dək davam edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR