Bakı, 16 iyun, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunları uğurla davam edir.
İyunun 17-də Avropa Oyunları çərçivəsində gimnastikanın növləri - bədii gimnastika, akrobatika gimnastikası, aerobika gimnastikası və batut gimnastikası üzrə yarışlara start veriləcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu yarışlarda nazirliyin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin daha dörd idmançısı iştirak edəcək.
Xatırladaq ki, Avropa Oyunları çərçivəsində keçirilən kişi idman gimnastikası üzrə yarışlarda məktəbin yetirməsi Eldar Səfərovun da üzvü olduğu Azərbaycan milli komandası üçüncü yeri tutub.
Komandamız Avropa Oyunlarının bürünc mükafatını qazanıb.
Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə yarışlarda 37 ölkəni təmsil edən 180 gimnast iştirak edib.