Bakı, 16 iyun, AZƏRTAC
Müasir dövrdə uşaqlar saatlarla telefon və ya planşetlərdən istifadə edirlər. Bu isə görmə problemlərinə yol aça bilər. Rusiyanın “KeepVision” startapı bu problemi həll etmək üçün yeniyetmələrdə görmənin zəifləməsi haqqında vaxtında diaqnoz qoymağa imkan verən və valideynlərin qadjetlərə nəzarətinə kömək göstərən smartfonlar üçün proqram təqdim edib.
AZƏRTAC ikt.az saytına istinadla xəbər verir ki, bu zaman valideynlər uşağının və özünün smartfonuna proqram yükləməlidirlər. Nəticədə proqram uşaqların qadjetdən istifadəsi haqqında informasiyanı toplayacaq və uşağın fərdi xüsusiyyətlərini nəzərə alaraq onu emal etməklə valideynləri məlumatlandıracaq.
Beləliklə, ən məşğul valideynlər də real vaxt rejimində uşaqlarının görmə qabiliyyətinə təsir edən zərərli amilləri izləyə və görmə dəqiqliyini yoxlaya biləcəklər. Zəruri olduqda, “KeepVision for Kids” uşaqların görmə qabiliyyətinin pozulmasının qarşısını almaq üçün xüsusi məşqlər təklif edir.
Layihənin sınaqları zamanı Ufa məktəbləri arasında tədqiqatlar aparılıb və şagirdlərin 75 faizində görmə zəifliyinin olduğu aşkarlanıb. Maraqlıdır ki, öz problemindən xəbərdar olan şagirdlərin 50 faizi eynək taxmır və ya görmə qabiliyyətinin zəifləməsi haqqında valideynlərini məlumatlandırmırlar.
Hazırda layihə müəllifləri investorlarla danışıqlar aparırlar.