Bakı, 17 iyun, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da Xocavənd, İmişli, Füzuli, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.
TQDK-dan AZƏRTAC-a bildirilib ki, 9-cu sinif şagirdləri üçün imtahan saat 10:00-da başlanıb və 2 saat davam edib. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlanıb və 2 saat 45 dəqiqə müddətində aparılıb.
İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanıb və imtahan prosesinin gedişi nəzarətdə olub.
Bütün mərkəzlərdə şagirdlər üçün normal imtahan şəraiti yaradılıb və proses təlimata uyğun təşkil edilib. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
Səhifənin qısa keçidi: http://www.tqdk.gov.az/~ZKRXQ