Bakı, 18 iyun, AZƏRTAC
Artıq ölkəmizdə ən çətin cərrahiyyə əməliyyatları, o cümlədən böyrək və qaraciyər transplantasiyası, açıq ürək əməliyyatları böyük vüsət alıb. Bu ildən etibarən Respublika Yanıq Mərkəzində plastik rekonstruktiv cərrahiyyə əməliyyatlarının icra edilməsi isə daha bir yenilikdir. Özü də cərrahiyyədə tək kəmiyyət artmayıb, həm də keyfiyyət yüksəlib. Əməliyyatların sayı artsa da, əməliyyatdan sonra ölüm halları dəfələrlə azalıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri tibb işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə səhiyyə naziri Oqtay Şirəliyev deyib.
Nazir bildirib ki, indi səhiyyəmizin hər ili, hər ayı irəliləyişlə, yeni-yeni nailiyyətlərlə yadda qalır. Ötən bir il ölkə səhiyyəsi üçün uğurlu olub. Dünyadakı maliyyə böhranına baxmayaraq, Azərbaycan dövləti səhiyyə sahəsində öz vətəndaşları qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirir.
“Ölkəmizin səhiyyə ocaqlarında Azərbaycan vətəndaşlarına yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hər bir şərait yaradılıb. Bu, həm səhiyyə müəssisələrinin tikintisi və əsaslı təmiri, həm müasir cihazlarla təchizatı, həm də avadanlıqla, dərman vasitələri ilə təminatına aiddir”,-deyə O.Şirəliyev qeyd edib.