"İbrahimbəyov getdi, Cəmil də gedəcək - Kərimli bəlası isə əbədidir. Hər şey yenidən təkrarlanır. Bu, çox pisdir! Bir siyasi kəsim illərdir ki, hər hansı bəhanə ilə bir media qrupunu hədəfə alıb. Bir siyasət mövsümündə iki-üç dəfə hücuma keçir, illərdir ki, eyni ittiham və iddiaları təkrarlayır".

"Yeni Müsavat"ın baş redaktoru, yazar Rauf Arifoğlunun səbri tükənib, təmkin kasası daşıb. Səbəbkar isə bir zamanlar iki dəfə millət vəkili seçilən, kitablar yazan, müxalifətdə olaraq hakimiyyətin çox təşəbbüslərini və qərarlarını dəstəkləyən, millət vəkili seçilməyəndə aqressivləşən, sonucda prezidentliyə namizəd olan və seçkilərdə uduzan professor Cəmil Həsənlidir.

Raif Arifoğlu daha sonra yazıb: "Ən son bunlar məni Rüstəm İbrahimbəyova görə xain elan elədilər, xatırlayırsınızmı? İlk gündən siyasi fəhmim və məlumatlar əsasında yazdım ki, bu layihə avantüradır, boş şeydir; bu adam gəlib başlatdığı sürəcin önündə durmayacaq. Mən hər "...gəlməyəcək, Rusiya projesidir, sizi oynadırlar, kuklaya çeviriblər" yazdıqca Kərimli dəstəsi "hurrey" deyə üzərimə hücuma keçdi. İndiki kampaniya nədir ki! O zaman basqı, şantaj, təhqir, söyüş, iddia, qınaq və s. daha ciddi, daha kəskin idi. İndi heç o yazığı yada salan da yoxdur... Hanı İbrahimbəyov, Əli Kərimli? Gəldilərmi?"
Gəlmədilər, çünki gələ də bilməzdilər və əslində, gəlmək niyyətləri də yoxdu. Fəqət, təhdid və ittihamları, suçlamaları yaxşı bacarırlar.

Cəmil Həsənli yazıb: "Bunlar bir vaxtlar Əbülfəz bəy haqqında etdikləri nalayiq hərəkətləri indi də bizim haqqımızda edirlər. 1999-cu ilin aprelində "Elçibəyin gizli görüşü. Eks-prezident Ramil Usubovla görüşüb. AXCP sədri daxili işlər naziri ilə nələrdən danışıb" başlıqları ilə böhtan yazanlar 2015-ci ilin iyununda Cəmil Həsənlinin hakimiyyətin hansısa mübhəm qanadı ilə "gizli görüşlərindən" yazırlar. Eyni dəsti-xətt, eyni üslub, eyni yaramazlıq. Bir dəfə Əbülfəz bəy haqlı olaraq dedi ki, bu adamdan hər şey gözləmək olar, bu adam "yolun daşıyla yolun quşunu vuran adamdır".
Siyasi opponentini hədəfə alaraq onu "məhv etmək" (ifadə Cəmil Həsənliyə məxsusdur və o, "məhv etmək" məsdəri bəlkə də bu həşəmətli zatın qrammatikamızda ən vurğunu olduğu nüanslardan biri) üçün mərhum Əbülfəz Elçibəylə bağlı "anı"larını gündəmə gətirmək siyasi gigiyena baxımından, ən azı, yolverilməzdir.
Üstəlik, Cəmil Həsənlinin açıqlamalarının sinir və qeyz mənzərəsinin arxasında AXCP sədri Əli Kərimlinin obrazı aşkar görünür.
AXCP sədri Əli Kərimli uğursuz siyasətçi olduğunu, ona inanan və hətta büt kimi sitayiş edən çox gənci bada verdiyini, siyasətlə merkantil maraqları sürəkli olaraq "səhv saldığını", ən mülayim tənqidlərə də İlf və Petrovun yaratdığı keşiş Fyodr obrazı təki "Özünsən axmaq!" marazmı ilə cavab verən dəstəyə başçılıq etdiyini boynuna almaq istəmir".
Rauf Arifoğlunu sinirləndirən məsələlərdən də biri, bəlkə, bu ola gərək.
"Əsl xain o kəsdir ki, 22 ildir çevrəsini və xalqı aldadır. Bu kəsimin iqtidar olma şansı yoxdur, heç zaman da olmayacaq. Bu kəsim indiki rejimin güclənməsi və gerçək xalq hərəkatının, gerçək müxalifətin ortaya çıxmaması üçün qullanılan çoxdəfəlik vasitədir! Bu kəsim siyasətin qarayarası, tualetidir - yaxınlaşdıqca üfunət iyindən, pislikdən başın çatlayır. Fəqət, özləri bu iyə öyrəncəli olublar. Başqa qoxuları da sevmirlər. Bunlardan uzaq durmaq lazımdır, vətəndaşlar! Bunların heç gələcəyi-görəcəyi yoxdur! Bunu mən yazıram! 27 ilini siyasətə vermiş, bu məkanda hər kəsi tanıyan, milli azadlıq hərəkatının ən uğurlu layihəsinin başında duran, Azərbaycanın yeni tarix mediasını və söz azadlığını təmsil edən, yaradan və qoruyanlardan biri olaraq!" - R.Arifoğlu emosional şəkildə bildirib.

Orxan Hun
Milli.Az