Həmçinin bu gün ziyarətçilər arasında Müdafiə Nazirliyinin hərbçiləri də olub. Bundan başqa, Milli Qəhrəmanın məzarı başına gələnlər arasında ANS TV-nin əməkdaşları da olub. ANS-in tanınmış aparıcısı Xoşqədəm Hidayətqızı ANS PRESS-ə açıqlamasında Mübariz İbrahimovun xalqın ürəyindən heç vaxt silinməyəcəyini bildirib.
“Biz vətən uğrunda canını qurban vermiş övladlarımız unutmamalıyıq. Onların doğum günlərini, ölüm günlərini xatırlamalıyıq. Bizim borcumuzdur ki, onların məzarlarını ziyarət edib, onların ruhlarını şad edək. Mübariz bu vətən uğrunda şəhid olub və Qarabağda itirdiyimiz insanlardan çoxunun qisasını alıb. Mübariz hamımızın qardaşıdır və mən fəxr edirəm ki, vətənimin Mübariz kimi oğulları var. Allah rəhmət eləsin!”, - deyə Xoşqədəm Hidayətqızı bildirib.
Qeyd edək ki, Azərbaycan Milli Ordusunun giziri Mübariz İbrahimov 2010-cu ildə Tərtərin Çaylı kəndində torpaqlarımız uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı və ANS Şirkətlər Qrupu tərəfindən Azərbaycanda “İlin adamı” (2010) adı verilib.







