Bakı, 19 iyun, Ceyhun Alışov, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illiyinə həsr olunan “Azərbaycanın elm məbədi” adlı sənədli film çəkilir.
Akademiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu qurumun Direktorlar Şurasının iclasında çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çəkilişlərin artıq 10 aydır davam etdiyini söyləyib.
Vitse-prezident vurğulayıb ki, bu müddətdə filmin ssenarisi yazılıb, eyni zamanda, Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivindən SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsinin təşkil edildiyi dövrün arxiv lentləri araşdırılıb. AMEA-ya yalnız 1934-cü ildən 1984-cü ilədək lentə alınmış materiallar təqdim olunub.
Həmin kadrlardan 26 unikal lent seçilib. Hazırda bu lentlərin üzü köçürülür və montaja hazırlanır. Akademiyanın tarixi ilə bağlı müxtəlif arxivlərdən 101 şəkil toplanıb.
İ.Həbibbəyli bildirib ki, akademiyanın bir çox institutlarında da çəkilişləri aparılmış filmin baş rejissoru kinoşünas, əməkdar incəsənət xadimi Ayaz Salayevdir. Filmin montajının sentyabr-oktyabr aylarında başa çatması nəzərdə tutulur.