20 Yanvar faciəsinin 25-ci ildönümü "Mənim ağ göyəçinim"lə anıldı

20 Yanvar faciəsinin 25-ci ildönümü "Mənim ağ göyəçinim"lə anıldı
13:05 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, daha sonra teatrın direktoru, əməkdar artist Mübariz Həmidov, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi, quruluşçu rejissor, xalq artisti Cənnət Səlimova, baş redaktor, əməkdar mədəniyyət işçisi Səriyyə İsmayılova, Nizami rayonu 220 saylı orta məktəbin direktor müavini Təranə Axundova çıxış edərək xalqımızın tarixinə qanla yazılmış 20 Yanvar günündə canlarından keçmiş Vətən övladlarının xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını diqqətə çatdıraraq, həmin gün şəhid olmuş, günahsız yerə həbs olunmuş və itkin düşmüş insanların statistikasını açıqlamışlar.

Çıxışlardan sonra yazıçı-dramaturq Tamara Vəliyevanın 20 Yanvar faciəsinə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası nümayiş etdirilib.

İki gəncin - Aqillə Turanın saf və nakam məhəbbətini tərənnüm etdirən ilk məhəbbət haqqında ikihissəli lirik dramın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, tərtibatçı rəssamı Gürcüstanın Tumanaşvili adına Teatrının baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir. Səhnə əsərində əsas obrazları əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar İlqarə Tosova, Asya Atakişiyeva, Mirzəağa Mirzəyev, Nigar Məmmədova, Ədalər Əbdülsəməd, Eşqin Quliyev, Kərəm Hadızadə, İlham Əsədov, Müşfiq Əliyev, Anar Seyfullayev və başqaları canlandırıblar.

Məlumat üçün bildirək ki, tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən həyata keçirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/320152.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR