"Frans Press" yoxsa "Frans pressing"?!

"Frans Press" yoxsa "Frans pressing"?!
17:57 19 İyun 2015
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Jurnalist etikasında milli, dini, irqi və cinsi diskriminasiyanın yolverilməzliyi prinsipi var. Hər şey məhz peşə etikasının norma və prinsiplərinə əməl etməməkdən başlayır. Və cəmiyyətlə işləyən dinamik bir sahə kimi, jurnalistikada müəyyən meyarlar və qırmızı cizgilər mütləq nəzərə alınmalıdır. Jurnalist olaraq biz hisslərin bizi idarə etməsinə imkan verməməliyik. Əks halda jurnalistikanın ali prinsipi olan obyektivliyi pozmuş olarıq.

SİA-nın xəbərinə görə, necə ki, Fransanın nüfuzlu "Frans Press" agentliyi Avropa Oyunları ilə bağlı hazırladığı video və yazılı materiallarla bu addımı atmış oldu. Dünyanın sayılıb seçilən fransız xəbər agentliyi, sanki, illərdir fəaliyyət göstərməyə çalışdığı jurnalistika prinsiplərini bir anlıq unudub. Onlar özünə hörmət edən media institutlarının jurnalistika peşəsinin ən vacib kriteriyalarından biri olan balansı qorumaq, fərqli tərəflərin fikirlərinə bərabər yer vermək prinsipini kobudcasına pozurlar. Azərbaycanda insan hüquqları müdafiəsinin və media azadlığının aşağı səviyyədə olması ilə bağlı müxtəlif iddialarla çıxış edən şəxslərin fikirlərinə yer verildiyi halda, əks tərəfin mövqeyinə müraciət olunmur, fərqli düşünən tərəflərin fikirlərindən istifadə olunmur. Təəssüf ki, "Frans Press" illərdir oxuyucularının etimadını qazanmasında əsas cəhəti olan obyektivlik hissini Azərbaycana gəldikdə unudur, heç bir statusu və səlahiyyəti olmayan fərdlərin dediklərinə istinad edərək ölkəni ittiham edir. İdman bayramına ev sahibliyi edən və bütün Avropaya sülh, dostluq mesajı verən Azərbaycana qarayaxmağa cəhd edir. Özünü media təmsilçisi kimi yox, peşə səlahiyyətlərini aşaraq, hansısa müstəntiq və ya beynəlxalq hüquq müdafiəçisi kimi aparır. Sanki, bu nüfuzlu media orqanının adı "Frans Press" yox obrazlı desək, "Frans Pressinq"dir və əsas fəaliyyəti də elə müstəqil dövlətlər və qurumlara "pressinq" eləməkdir. Əlbəttə, 65 illiyi qeyd olunan, insan hüquqları sahəsində fundamental sənəd olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin yaradıcı sayılan Fransanın media orqanın belə bir addım atması məyusluq və utanc hissi yaradır. Və bu nüfuzlu media orqanının bu addımı bütövlük Fransanın "insan hüquqlarının beşiyi və keşikçisi" adına xələl gətirir.

Maraqlısı odur ki, beynəlxalq səviyyədə etimada iddia edən bu media orqanı lap burnunun ucunda, Fransada baş verən hadisələrə qeyri-obyektiv, bir çox hallarda isə jurnalistikanın qaydalarına zidd formada yanaşır. Misal üçün, götürək peyğəmbərin və islami dəyərlərin təhqir edilməsi ilə özünə "nüfuz" qazanmağa çalışan "Charlie Hebdo" jurnalı ilə bağlı hadisəyə. Bu jurnalda 2008-ci ildə o dövrki prezident Nikolya Sarkozinin oğlu Jan Sarkozini tənqid edən karikatura dərc edilmişdi.

Karikaturada iddia olunurdu ki, Fransanın məşhur yəhudi milyonçusunun qızı "Darty" adlı ən iri məişət texnikası şəbəkəsinin varisi Cessika Sibun-Darti ilə nişanlanan 21 yaşlı prezident oğlu "uzağa gedə bilməyən görünməmiş opportunistdir". Maraqlıdır ki, həmin karikaturaya o cümlədən "obyektiv" "Frans Press"də çox tez bir zamanda kəskin reaksiya verildi və karikaturanın müəllifi olan 79 yaşlı Maurice Sinetə əsl savaş elan edildi, hətta o, nəticədə işdən qovuldu. Bu zaman şərəf və ləyaqətin təhqir edilməsi, böhtan atma kimi jurnalistika prinsiplərinə istinad edildi. Görəsən, "Charlie Hebdo" jurnalı Fransa əhalisinin müəyyən hissəsini və dünya əhalisinin az qala 25 faizini əhatə edən müsəlmanları təhqir edəndə niyə eyni yanaşma şamil edilmirdi? Niyə dini dəyərlər daim istehza və məzxərə hədəfi olurdu, amma "Frans Press" susurdu? Bu faktın özü Avropa jurnalistikasında ikili standartların olmasının ən bariz nümunəsidir. Təbii ki, buna aid çox misal çəkmək olar. O cümlədən, Fransa parlamentinin aşağı palatasının qondarma erməni "soyqırımının" inkarınını qadağan edən qanun layihəsinin qəbulunu.

Müasir dünya tarixində görülməmiş bir utanc hadisəsi baş verirdi. Qondarma "soyqırımı" tanımayan şəxsi 1 ilə qədər həbs və ya 45 min avro cərimə tətbiqi gözləyirdi. Hüquq müdafiə keşikçisi olmaq istəyən "Frans Press" isə obrazlı desək , ağzına su alıb gözləyirdi. Sanki, bu böyüklükdə, sözün əsl mənasında, biabırçılığı görmür və eşitmir.

Biz hətta Fransanın bu nüfuzlu agentliyinin Cənubi Qafqazın xəritəsində qondarma Dağlıq Qarabağ rejimini dəfələrlə müstəqil dövlət kimi göstərməsi faktını da yada sala bilərik . Amma əsas məqsədimiz bu deyil. Biz bu qərb mediasının aparıcı üzvünün yalnız və yalnız obyektiv jurnalistika qaydalarına riayət etməsini arzulaya bilərik. Əks halda "Frans Press" , ən azı Azərbaycan oxucusunun gözündə bütün nüfuzunu itirə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/351459.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR