Dünən Bakı-2015-də qadın voleybolçuların mübarizəsində 4-cü matçına çıxan Azərbaycan millisi Belçikanı 3:2 hesabı ilə məğlub etmişdi.
Matçdan sonra baş məşqçi Aleksandr Çervyyakovun fikirlərini öyrənmək istəsək də, o, mətbuat konfransına gəlmədi. Əvəzində köməkçi məşqçi Vüqar Əliyev Metbuat.az-ın müxbirinin suallarını cavablandırdı. Həmin müsahibəni təqdim edirik:
- Sonuncu dəfə Belçikayla Dünya çempionatında üz-üzə gəlmişdik və 0:3 hesabıyla uduzmuşduq. Bu gün isə 3:2 üstün olan tərəf biz olduq. Sizcə, o gündən bu günə biz güclənmişik, yoxsa Belçika zəifləyib?
- Məncə, burada zəif komanda yoxdu. Hamısı reytinq sıralamasına görə gəliblər. Həm də biz doğma meydanda oynayırıq. Azarkeşlərin dəstəyini özünüz görürsünüz. Belə bir atmosferdə əlbəttə ki, qələbə qazanmalıydıq.
- Nəticədən razı qaldınız? Ümumiyyətlə, 5 set olacağını gözləyirdiniz?
- Yox, sözün düzü, gözləmirdik. Ancaq qızlar bilirdilər ki, bu oyun çox çətin olacaq. Həm psixoloji, həm də fiziki cəhətdən yaxşı hazırlaşmışdıq. Bu, oyundu. Hər şey ola bilər. Belçika komandası da çox gözəl oyun nümayiş etdirdi. Matç çox gözəl alındı. Tamaşaçılar da həzz aldılar. Əsas odur ki, qələbə qazandıq.
- Qrupda həllini tapmayan məsələlərdən biri liderlikdi. Son turdakı Azərbaycan - Türkiyə matçı birinci yerin sahibini müəyyənləşdirəcək. Həmin oyun haqqında nə deyə bilərsiniz?
- Əlbəttə ki, ancaq qələbə qazanmağa çalışacağıq. Bilirsiniz ki, birinci yeri tutan digər qrupun dördüncüsüylə qarşılaşacaq. Çalışırıq ki, bir az zəif komandayla düşək. Mütləq qələbə gözləyirik.
- Şəxsi fikrinizi öyrənmək istəyərdim. Digər qrupda hansı komandayla növbəti mərhələdə qarşılaşmaq istəyərdiniz?
- Mənə elə gəlir ki, Bolqarıstan, Rusiya və Xorvatiyadan biriylə düşsək, bizə daha asan olacaq. Serbiya və Hollandiya o qrupun ən güclü komandalarıdılar. Qələbə qazanıb, digər qrupun dördüncüsüylə oynamaq istəyirik.
Rüfət Məcidzadə