Türkiyənin IX Prezidenti, görkəmli siyasi və dövlət xadimi Süleyman Dəmirəl iyunun 20-də İspartanın Atabəy rayonunun İslamköy kəndində dəfn edilib.
ANS PRESS-in məlumatına görə, dəfn mərasimində nüfuzlu siyasətçilər, minlərlə yerli sakin, Türkiyənin müxtəlif bölgələrindən vətəndaşlar iştirak ediblər.
Mərhumun cənazəsi iyunun 19-da Türkiyə Böyük Millət Məclisində təşkil edilən vida mərasimindən sonra hərbi təyyarə ilə doğulduğu İspartaya gətirilib və burada hüznlü bir izdiham tərəfindən qəbul olunub. İsparta sakinləri, o cümlədən Süleyman Dəmirəlin həmkəndliləri onun cənazəsini göz yaşları içərisində qarşılayıblar.
Türkiyənin IX Prezidenti İslamköydə ötən il açılışı olan Süleyman Dəmirəl Demokratiya və İnkişaf Muzey Kompleksi ərazisindəki məsciddə qılınan cənazə namazından sonra həmin kəndin Çalcatəpə adlanan yerində torpağa tapşırılıb.
Məzarın yerləşdiyi 58 min kvadratmetrlik ərazi genişliyinə görə Türkiyədə Atatürkün uyuduğu Anıtqəbirdən sonra ikinci ən böyük xatirə kompleksi oldu.