Şərur, 24 iyun, Tural Kəngərli, AZƏRTAC
Şərur rayonunda doğumun, nikahın və ölümün qeydiyyatı 52 inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə rəsmiləşdirilir. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən inzibati ərazi dairəsi üzrə nümayəndəliklər müvafiq reyestr, akt qeydləri və şəhadətnamələrlə vaxtında təmin ediliblər.
AZƏRTAC xəbər verir ki, Şərur Rayon İcra Hakimiyyətində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı keçirilən tədbirdə bu barədə ətraflı söhbət açılıb.
Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev çıxış edərək bildirib ki, nazirliyin rayon və şəhər qeydiyyat şöbələri ilə yanaşı, yerli inzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən də doğumun, nikahın bağlanmasının və ölümün qeydiyyatı aparılır. Ötən dövrdə muxtar respublikanın bütün rayonlarında inzibati ərazi dairəsi üzrə nümayəndəliklər üçün seminarlar təşkil edilib və onlar müvafiq normativ-hüquqi aktlardan çıxarışlarla təmin ediliblər. İnzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən doğum, nikah və ölümün qeydiyyatının aparılması üçün müvafiq metodik kömək göstərilməsi və hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikanın bütün rayonlarında inzibati ərazi dairəsi üzrə nümayəndəliklər üçün yeni binalar tikilib və müasir standartlara uyğun iş şəraiti yaradılıb. Məhz bu diqqət və qayğı nəticəsində Şərur rayonunun inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri də müasir inzibati bina və iş şəraiti ilə təmin olunublar. Yaradılan şərait bu qurumların üzərinə mühüm vəzifələr qoyur.
Tədbirə Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov yekun vuraraq, rayonda dövlət qurumları üçün yaradılan müasir şəraitin müqabilində inzibati ərazi dairəsi üzrə nümayəndələrdən nümunəvi iş tələb olunduğunu bildirib, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı qanunvericiliyin tələblərinə əməl olunmasına xüsusi diqqət göstərilməsinin vacibliyini vurğulayıb.