Tovuz, 29 iyun, AZƏRTAC
Tovuz rayonu respublikanın iri kartofçuluq rayonlarından sayılır. Rayon sahibkarları bu il 7 min 668 hektar sahədə bol kartof məhsulu yetişdiriblər.
Rayonun aran kəndləri olan Əyyublu və Düz Qırıqlıda kartof yığımına başlanılıb.
Əyyublu kənd sakini, gənc fermer Əfqan Abbasov AZƏRTAC-a bildirib ki, kartof əkdiyi sahələrə vaxtında aqrotexniki qaydada qulluq etdiyinə görə bol məhsul yetişib. Kartof yığımına başlayan fermer hər hektardan ən azı 25 ton məhsul götürəcəyini deyir. Hazırda kartofun kiloqramının bir yerdən satış qiyməti 27-30 qəpik arasında dəyişir ki, bu da fermeri qane edir.