Bakı, 1 iyul, AZƏRTAC
Bu ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial xidmətlər üzrə elan etdiyi müsabiqələrdə qalib gələn ixtisaslaşmış vətəndaş cəmiyyətləri tərəfindən hazırda 13 rayonda çətin həyat şəraitində olan uşaqlara və ailələrə günərzi qayğı xidmətləri göstərilir.
Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, həmin rayonlar (Astara, Ağsu, Beyləqan, Qazax, Yardımlı, Ağcabədi, Qax, Yevlax, Lənkəran, Tovuz, Bərdə, Quba, İsmayıllı) üzrə ümumilikdə 400 nəfərədək uşaq günərzi sosial xidmətlərlə təmin olunur. Bu xidmətlər həmin uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasına, eləcə də çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsinə yönəlib. Səkkiz rayonda (Şəmkir, Biləsuvar, Cəlilabad, Xaçmaz, Masallı, Sabirabad, Yardımlı, Şamaxı) isə ƏƏSMN-in sosial sifarişləri əsasında sağlamlıq imkanları məhdud uşaqlara icma əsaslı sosial reabilitasiya xidmətləri göstərilir.
Bununla yanaşı, nazirliyin sosial sifarişi üzrə uşaqlar arasında əlilliyin qarşısının alınması, sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası və onlara surdoloji xidmətlərin göstərilməsi, o cümlədən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında idman tədbirlərinin təşkili, onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılması və s. istiqamətlərdə də layihələr icra edilir.
Ümumilikdə bu layihələr çərçivəsində 1500 nəfərdən çox sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan uşaq sosial xidmətlərlə təmin edilib.