Vyana, 3 iyul, AZƏRTAC
Avstriyanın geniş oxucu kütləsinə malik olan „Society“ jurnalı növbəti nömrəsində Azərbaycana geniş yer ayırıb.
Jurnalda „Böyük İpək Yolu“ başlıqlı giriş məqaləsi Böyük İpək Yolu ölkələrinin iştirakı ilə Vyanada keçirilmiş təntənəli qəbula həsr olunub.
Məqalədə „Böyük İpək Yolu üzərində yerləşən dövlətlərin uğurları“ devizi altında keçirilən tədbirin Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Türkmənistan, Çin, Özbəkistan, İran və Tacikistanın səfirliklərinin iştirakı və həmtəşkilatçılığı ilə baş tutduğu, eyni zamanda, tədbirin ərsəyə gəlməsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Avstriyadakı nümayəndəliyinin göstərdiyi dəstək xüsusilə qeyd olunub. Çoxlu fotoların yer aldığı məqalədə tədbirin keçirildiyi əsas zalda ARDNŞ-nin Avstriyadakı nümayəndəliyi tərəfindən təşkil olunmuş Azərbaycan guşəsi, xüsusi stendlərdə ölkəmizin neft və qaz sənayesinin tarixinə dair vizual görüntülü məlumatlar əks olunub. Məqalədə qeyd edilib ki, tədbirin ən zirvə nöqtəsi avstriyalı musiqiçi tərəfindən ifa edilən Azərbaycan musiqiləri olub.
„Azərbaycanın regiondakı rolu bir model kimi“ başlıqlı məqalədə isə Avstriyadakı səfirimiz Qalib İsrafilovla müsahibə yer alıb. Müsahibədə müxtəlif sahələrdə hər iki ölkə arasındakı əlaqələr, Azərbaycanın regionda oynadığı nümunəvi rol və iştirakçısı olduğu layihələr, eləcə də regional və beynəlxalq proseslərdə mövqeyi və s. mövzularda söhbət açılıb.
Səfir Azərbaycanla Avstriya arasında diplomatik münasibətlərin 1992-ci ilin fevral ayında qurulduğunu, o vaxtdan etibarən ikitərəfli əlaqələrin dinamik olaraq inkişaf etdiyini bildirib.
Böyük İpək Yolunun ölkəmiz üçün əhəmiyyəti barədə danışan səfir bu yolun iki qitə arasında təkcə müxtəlif yollar şəbəkələrindən ibarət infrastruktur kimi deyil, mədəni dəyər və ənənələrin mübadiləsi dəhlizi kimi dəyərləndirib. O, həmçinin gənc, demokratik və dünyəvi dövlət olan Azərbaycanın bir çox uğurlara imza atdığını və digər müsəlman ölkələri üçün örnək ola biləcəyini diqqətə çatdırıb. Q.İsrafilov Azərbaycanın Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə yaxşı münasibətləri olduğunu, ölkəmizdə həyata keçirilən layihələrdən isə region ölkələrinin faydalandığını bildirib.
Səfir, eyni zamanda, Azərbaycanın öz iqtisadi gücü sayəsində donor ölkəyə çevrildiyini də qeyd edib.
İnfrastruktur layihələri barədə danışan Q. İsrafilov Azərbaycanın daxili və xarici siyasətinin əsas prioritetlərindən birinin ölkəmizin tranzit imkanlarının artırılması olduğunu vurğulayıb, həmçinin ölkəmizdə həyata keçirilən geniş infrastruktur layihələri, eləcə də Bakı-Tiflis-Qars dəmir yolu xətti layihəsi barədə ətraflı məlumat verib.
Daha sonra Q.İsrafilov Azərbaycanla Avstriya arasında ikitərəfli iqtisadi münasibətlərin uğurla inkişaf etdiyini, 50-dən artıq Avstriya şirkətinin ölkəmizdə müxtəlif sahələr üzrə fəaliyyət göstərdiyini bildirib. Diplomat Vyanada təsis edilmiş ticarət palatası vasitəsilə hər iki ölkə arasında iqtisadı əlaqələrin genişləndirilməsinin təşviq edildiyini diqqətə çatdırıb.
Bununla yanaşı, Avstriyadakı səfirimiz Azərbaycanla digər ölkələr arasında tətbiq edilən viza rejimi, Ukrayna ilə Rusiya arasındakı münaqişə və digər məsələlərlə bağlı sualları da cavablandırıb.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana


