Bakı, 7 iyul, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 2-də V ixtisas qrupuna və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirib. İmtahanın nəticələri bir gün sonra - iyulun 3-də elan olunub.
Məlum olduğu kimi, 2015/2016-cı tədris ili üzrə qəbul qaydalarında edilmiş dəyişikliklərə əsasən, V ixtisas qrupu yaradılıb və buraya ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları daxildir. Yeniliyə əsasən, I, II, III və ya IV ixtisas qruplarının hər hansı biri üzrə müsabiqədə iştirak etmək istəyən abituriyent, həm də V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilir. Abituriyentlərə iki müxtəlif ixtisas qrupu üzrə müsabiqədə özlərini sınamaq şansı verilməklə onlar üçün əlavə imkanlar yaradılıb.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, digər bir yeniliyə əsasən bu ildən tam orta təhsil (11 illik) bazasında kolleclərə qəbul cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə əsasən həyata keçirilir. Orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə kolleclərə qəbul buraxılış imtahanı səviyyəsində iyulun 2-də keçirilmiş qəbul imtahanının nəticələrinə əsasən aparılır.
Beləliklə, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən V ixtisas qrupuna aid olan ixtisasları üzrə qabiliyyət imtahanlarına buraxılan abituriyentlərin sayı TQDK tərəfindən müəyyənləşdirilib (cari və əvvəlki illərin məzunları). Bu məlumatlar 2014-cü illə müqayisəli şəkildə təqdim olunub. Göründüyü kimi, bütün qabiliyyət imtahanı komissiyaları üzrə qabiliyyət imtahanlarında iştirak hüququ qazanmış abituriyentlərin sayı ötən illə müqayisədə xeyli artıb. Bu artım bədən tərbiyəsi və idman istiqamətində xüsusilə nəzərə çarpır. Ehtimal olunur ki, gənclərimizin bu sahəyə marağının artmasında “Bakı-2015” ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ciddi rol oynayıb.
11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunmaq istəyən abituriyentlərdən isə 21634 nəfəri müsabiqədə iştirak hüququ qazanıb. Nəzərə alsaq ki, həmin abituriyentlərdən müəyyən hissəsi ali təhsil müəssisələrinin müsabiqəsində də iştirak edə biləcəklər, kolleclərə hansı sayda ərizə veriləcəyini indidən söyləmək mümkün deyil.
Ətraflı məlumatı TQDK-nın rəsmi internet səhifəsindən əldə etmək olar.