Göygöl, 8 iyul, AZƏRTAC
Göygöl rayonunda taxıl biçininin vaxtında başa çatdırılması üçün zəmilərə 40-a yaxın texnika çıxarılıb. Mütəxəssislər bu il məhsuldarlığın əvvəlki illərdən çox olacağını proqnozlaşdırırlar.
Rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Məmmədov AZƏRTAC-a deyib ki, rayonda 9712 hektar sahədə dənli bitkilər əkilib. Bunun 7085 hektarı buğda, 2611 hektarı arpa, qalanı isə qarğıdalı sahələridir. Bir həftədir ki, biçinə başlanılıb. İlk göstəricilər sevindiricidir. 350 hektarın məhsulu biçilib ki, onun da hər hektarından orta hesabla 30 sentner məhsul yığılıb. Sahələrdəki məhsul onu deməyə əsas verir ki, bu il Göygöl taxılçıları daha yüksək məhsuldarlığa nail olacaqlar.