Bakı, 9 iyul, AZƏRTAC
Xətai rayonu üzrə məhəllələrarası mini-futbol turnirinin final oyunları keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 2004-2005-ci illər təvəllüdlü uşaqlar arasında keçirilən turnir torpaqlarımızın azadlığı uğrunda şəhid olan Azərbaycanın Milli Qəhrəmanı Ələkbər Əliyevin xatirəsinə həsr edilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, turnirin oyunları Xətai rayonu 204 nömrəli tam orta məktəbin idman meydançasında keçirilib.
Yarışmanın 3-cü yer uğrunda oyununda Araz komandası Xəzər kollektivinə 4–2 hesabı ilə qalib gəlib. Final oyununda Əhmədli kollektivi Xətai komandasına 3–0 hesabı ilə qalib gələrək I yeri tutub.
Turnirin bağlanış mərasimində BŞGİBİ-nin baş məsləhətçisi Salman Əbdülov, Xətai rayonu Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Xalid Məmmədov, Xətai rayonu 204 nömrəli tam orta məktəbin direktoru Ziba Rzayeva, şəhid Ələkbər Əliyevin qardaşı Nurəddin Əliyev və digərləri çıxış edərək ölkəmizdə futbolun inkişafına göstərilən dövlət qayğısından bəhs ediblər. Bildirilib ki, uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turniri Azərbaycanda bu idman növünün inkişafında böyük rol oynayır.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlarla, idman geyimləri və kubokla təltif olunublar.