"Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə ölkəmizdə sosial-iqtisadi sferanın bütün sahələrində olduğu kimi, hesabat dövründə, rabitə və yüksək texnologiyalar sahəsində də inkişaf təmin edilib və bu sahədə bir sıra uğurlara imza atılıb. Bu sektorda gəlirlərin artımı 12 faiz təşkil edib ki, bu da müvafiq ümumdünya orta göstəricisindən təxminən 1,5 dəfə yüksəkdir".

Milli.Az xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Daha sonra nazir qeyd edib:

"Telekommunikasiya sektorunda mobil rabitə xidmətləri göstərən üç operatorun ümumi gəlirləri ötən ilin müvafiq dövrünə nisbətdə təxminən 6 faiz artıb, bütün ölkə üzrə 3-cü, Bakı və Abşeron yarımadasında isə 4-cü nəsil texnologiyasının tətbiqi genişləndirilib. Beynəlxalq Telekommunikasiya İttifaqının hesabatına əsasən, ölkəmiz ərazisinin 100 faizli 3-cü nəsil örtüyünə malik olan 40 ölkə sırasındadır. Hesabat dövründə stasionar rabitə xidmətlərinin genişləndirilməsi istiqamətində əsasən kəndlərdə optik rabitə infrastrukturunun inkişafına diqqət yetirilib. Son altı ayda 100-dən çox kəndin bu sistemə çıxışı təmin olunub və beləliklə Azərbaycan kəndlərinin 80 faizi müasir standartlara cavab verən, həmçinin genişzolaqlı xidmətlərə çıxışı olan stasionar telekommunikasiya şəbəkəsinə qoşulub.

Hesabat dövründə, ümumiyyətlə, ölkə üzrə genişzolaqlı internet infrastrukturu, həm stasionar, həm də mobil internet xidmətlərinin göstərilməsi genişləndirilib. Bu gün ölkəmizdə internet istifadəçilərinin sıxlığı təxminən 75 faiz, genişzolaqlı internet istifadəçilərinin sıxlığı isə 65 faizdir. Əksər beynəlxalq təşkilatlar və özəl reytinq şirkətləri bu göstərici və internet azadlığına görə Azərbaycanı Mərkəzi Asiya və MDB ölkələri regionunda lider kimi qiymətləndirirlər.

Radio və televiziya yayımı infrastrukturunun inkişafında ölkəmiz bu sahədə əsas vəzifəni - rəqəmli televiziya yayımına keçidi tam təmin edib və Beynəlxalq Telekommunikasiya İttifaqının bu uğura imza atan 50 ölkəsi sırasına daxil olub. İndi biz Milli Televiziya və Radio Şurası ilə razılaşdırıb analoq efiri dayandırmalı, kommersiya və xüsusi təyinatlı istifadə üçün çox vacib sayılan tezlikləri onlara ayırmalıyıq. Ümumiyyətlə, ölkəmizdə radio və televiziya yayımında vəziyyət inkişaf etmiş ölkələr səviyyəsindədir. Bu gün rəqəmsal yerüstü yayım, kabel televiziyaları, peyk, rabitə şəbəkələri üzərindən və internet radio və televiziyalar vasitəsilə əhalinin təkcə Azərbaycanın yox, həmçinin yüzlərlə xarici ölkənin teleproqramlarına çıxışı təmin olunub.

Ölkə və sərhədyanı ərazilərdə əsas tezliklər spektri boyu radiotexniki monitorinq sistemi hesabat dövründə tam qurulub istifadəyə verilib. İndi ölkəmizin istənilən coğrafi nöqtəsində həm mülki, həm də xüsusi təyinatlı tezliklərə müdaxilə olarsa sistem müdaxilənin parametrlərini, o cümlədən daxildə və xaricdə olan müdaxilə mənbələrinin koordinatları haqqında operativ məlumatları müvafiq təşkilatlara çatdırır.

Hesabat dövründə elektron xidmətlərin verilməsi, "elektron imza" və "elektron hökumət" portalının inkişafı təmin olunub. Artıq 44 hökumət və dövlət orqanından "elektron hökumət" portalına 421 xidmət inteqrasiya olunaraq vahid elektron pəncərə sistemi vasitəsilə vətəndaşlara və iş adamlarına verilir. Portalın istifadəyə verilməsindən ötən 2 il 6 ay müddətində əhaliyə, fiziki və hüquqi şəxslərə 12 milyondan çox elektron xidmət verilib. Portalın istifadəçilərinin sayı isə 2 milyondan çoxdur. Vergilər Nazirliyinin Elektron İmza Sertifikatlar Mərkəzində verilən "ASAN-imza" sistemi İslam Əməkdaşlıq Təşkilatının rəhbərliyinin diqqətini cəlb edib və təşkilat ölkələri arasında standart "elektron imza" kimi istifadə məsələsi müzakirə olunur.

Elektron informasiya resurslarının yaradılması və regional informasiya texnologiyaları xidmətlərinin verilməsində son 6 ayın uğurlarından biri də regional informasiya-hesablama mərkəzinin - DATA Mərkəzinin yaradılmasıdır. Mərkəzin istifadəyə verilməsi sentyabr ayına planlaşdırılıb. Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) bu DATA Mərkəzinin resurslarının təxminən 30 faizini MDB və Mərkəzi Asiya ölkələrinin regional əməkdaşlığı üçün istifadə edəcəyini planlaşdırıb və mərkəzin açılışında baş direktor səviyyəsində iştiraklarını bildirib.

Kosmik sənayenin inkişafı istiqamətində "Azerspace-1" fəaliyyətini genişləndirib, 130-dan çox xarici televiziya kanalı, o cümlədən Gürcüstan, Türkiyə, Rusiya və bir sıra digər xarici ölkələrin telekanalları və xüsusi rabitə sistemləri peykin resurslarını kommersiya müqavilələri əsasında istifadə edir. Maliyyə Nazirliyi tərəfindən koordinasiya olunan "Azərkosmos" ASC-nin səmərəli fəaliyyəti nəticəsində ötən il ixracdan 9 milyon ABŞ dolları gəlir götürülüb, bu il isə 16 milyon dollar gəlir götürülməsi planlaşdırılır. Təxminən 6-8 milyon ABŞ dolları da Maliyyə Nazirliyi tərəfindən əlavə edilərək kreditlərin qaytarılması həyata keçirilir. "Azərkosmos" ASC-nin planlarına görə, 2016-cı ildən kreditlər öz gəlirləri hesabına ödəniləcək.

Hesabat dövründə Yer səthinin müşahidə peyki "Azersky" bir neçə fransız peyki ilə qruplaşmaya daxil olub və artıq kommersiya fəaliyyətinə başlayıb. Hesablamalara görə, "Azərkosmos" ASC "Azersky" üçün kreditlərin verilməsində dövlət maliyyə resurslarına müraciət etməyəcək.

Dövlət Sərhəd Xidməti artıq peyklərin xüsusi təyinatlı istifadəsinə başlayıb, digər güc strukturlarına isə xüsusi xidmətlərin verilməsi üzrə müzakirələr aparılır. Sayca üçüncü peykin - "Azerspace-2"-nin 2017-ci ilə planlaşdırılan buraxılışı istiqamətində işlər davam etdirilir. Ümumiyyətlə, kosmik fəzada fəaliyyətimizdə əsas tələblərdən biri rentabellilikdir və bu sahədə birinci Avropa Oyunlarında radio-televiziya yayımında istifadə olunan dörd peykdən birinin "Azerspace-1"in olması və onun, həmçinin Oyunların ehtiyat rabitə sistemində istifadə olunması "Azərkosmos" ASC-nin dünya kosmik bazarında rəqabətlilik qabiliyyətinə çox müsbət təsir edib.

Nüvə texnologiyalarının sülh məqsədləri ilə istifadəsi sahəsində Milli Nüvə Tədqiqatları Mərkəzinin tikintisi davam etdirilib, regionda ilk olan, kənd təsərrüfatı və təbabətdə sterilizasiya məqsədli "Qamma şüalanma kompleksi"nin qurulması işləri başa çatmaq üzrədir və bu ilin noyabr ayında istifadəyə verilməsi planlaşdırılır. Tədqiqat nüvə reaktorunun layihələndirilməsi üzrə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə razılaşdırılması ölkəmizdə bu sahə üzrə tənzimləyici orqan olan Fövqəladə Hallar Nazirliyi ilə birgə həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə nüvə materialları yataqlarının arxeoloji axtarışına başlanılıb. Bu işlərdə məqsəd əgər kifayət qədər resurslar tapılarsa ölkəmizdə atom yanacağının istehsalı təkliflərini hazırlayıb hökumətə təqdim etməkdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin tövsiyələri və əməkdaşlığı ilə texnoloji-tutumlu, innovativyönümlü məhsul və xidmətlərin istehsalı, əsasən qeyri-neft sektorunun ixrac potensialının gücləndirilməsinə yönələn bir neçə layihəyə dair təkliflərin hazırlanması başa çatmaq üzrədir. Hesabat dövründə Sizin Fərmanınızla yaradılan Mingəçevir Yüksək Texnologiyalar Parkı, bu il istifadəyə verilməsi planlaşdırılan Pirallahı Yüksək Texnologiyalar Parkı, İKT-nin inkişafı üçün Dövlət Fondu digər müvafiq təşkilatlarla bərabər, xarici investorların diqqətini cəlb edib. Bu gün bizim əsas məqsədimiz İKT sektorunun inkişafı üçün qeyri-dövlət maliyyə resurslarının cəlb edilməsi və onların düzgün istifadəsidir. Məsələn, "Azərpoçt" MMC Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə poçt sistemində maliyyə və bank xidmətlərinin inkişafı layihəsi üzrə Dünya Bankından götürdüyü kreditləri bu layihənin tətbiqi nəticəsində əldə etdiyi gəlirlərin hesabına qaytarır. Digər bir misal kimi, "Aztelekom"un regionlarda genişzolaqlı internetin inkişafı üçün heç bir zəmanət olmadan Amsterdam TRADE bankından götürdüyü və uğurla ödədiyi kreditləri gətirmək olar.

Bir məqamı da qeyd etmək vacibdir ki, bazarda aktivlik var, özəl sektor çox fəaldır. Nazirlik öz səlahiyyətləri çərçivəsində rəqabət mühitinin normal səviyyədə saxlanılması üçün müvafiq tədbirlər görür. Kiçik və orta güclü şirkətlər, istedadlı gənclərdən ibarət start-uplar İKT sektorunda xüsusi aktivlik nümayiş etdirirlər və start-up şirkətlərinin inkişafı və vençur maliyyələşdirilməsi üçün özəl maliyyə mənbələrinin cəlb olunması istiqamətlərində hesabat dövründə ardıcıl işlər görülüb və ilin sonuna qədər təkliflər paketinin hazırlanması nəzərdə tutulur.

Möhtərəm cənab Prezident, icazənizlə Sizi əmin edirəm ki, biz - rabitə və yüksək texnologiyalar sektorunda çalışan əməkdaşlar gələcəkdə də Sizin rəhbərliyinizlə vətənimizin, Azərbaycan xalqının xoşbəxtliyi uğrunda həyata keçirilən işlərdə üzərimizə düşən vəzifələri var qüvvəmizlə yerinə yetirəcəyik.

Diqqətinizə görə sağ olun".

Milli.Az