Ölkələrin böhran və çətinlikləri də fərqli olur.
Məsələn, İngiltərədə maliyyə böhranı olanda problemin həllini özlərində arayan ingilislər çarə arayışlarını inadla davam etdirir və kimsədən yardım istəmirlər.
Yaponiya indiyədək 17 dəfə ağır maliyyə böhranı ilə üzləşsə də, sanki hər çətinlik onun üçün irəliyə doğru yeni təkan olub.
Ölkələr də var ki, onların üzləşdikləri böhran qlobal maliyyə prosesləri, iqtisadi olaylar və ya fond bazarlarındakı vurnuxmalarla bağlı deyil.

Yunanıstan təki.
Bağlanmış banklar, əsəbləri tarıma çəkilmiş insanların küçələrə çıxaraq etiraz aksiyaları keçirmələri, müzikl aktyorlarına bənzəyən nazirlər və siyasətçilər - öldürücü borcun yükünün diz çökdürdüyü Yunanıstanın vəziyyəti təəssüf doğurmaqla yanaşı, maraqlıdır.
Çünki bu vəziyyət bir neçə dövləti də gözləyir.
Ədalətsiz borclardan qurtuluşu tələb edən qlobal hərəkatın bir hissəsi olan "Jubilee Debt Campaign" təşkilatının açıqladığı hesabata görə, Yunanıstan yaşadığı bəlada tək deyil.
23 ölkə ən yaxın vaxtlarda yunanların problemlərinin təkrarı sayıla biləcək çətinliklərlə qarşılaşa bilər.
Seneqaldan tutmuş, Laosadək 23 ölkə çox təhlükəli borc zonasındadır. Həmin dövlətlərin iqtisadiyyatlarındakı geriləmə, sənaye istehsalının azalması, bahalaşması, ən nəhayət, dünya maliyyə bazarlarında faiz stavkalarının artması fəlakətlə bitə bilər.
2008-ci ildəki qlobal maliyyə böhranının verdiyi dərslərdən biri də bu idi ki, dövlət borcunun normal, iqtisadçı ekspertlərin "sağlam" saydıqları səviyyəsi belə, ölkələri maliyyə bazarlarındakı qəfil dəyişikliklərin əsirinə, əksər hallarda isə qurbanına çevirə bilər.
Dünyanın ən böyük və güclü iqtisadiyyatlarına malik ölkələrində aşağı faiz stavkaları maliyyə böhranına ən önəmli cavab olsa da, əksər hallarda hökumətlər, korporasiyalar, şirkətlər və istehlakçıları yeni borclara girməyə, yeni kreditlər götürməyə vadar edib.

Bu isə yaxın gələcək üçün potensial problemlərdir.
Beynəlxalq İnkişaf İnstitutunun eksperti Cudit Taysonun dediyinə görə, kreditlər və borcların arxasında daha çox gəlir əldə etməyə çalışan investorlar, maliyyə fondları və banklar durur.
Nəticədə 2012-ci ildən bəri xarici dövlət və suveren borcların nəhəng artımı müşahidə olunur. Fəsadlı artım daha çox Afrika ölkələrindədir.
"Hesablamalarımıza görə, 14 ölkə yeni kredit borclarına doğru sürətlə irəliləyir. Həmin borclar böyük xarici dövlət borcları, mövcud hesabların irihəcmli və stabil kəsirləri, üstəlik hökumətlərin yeni heyətlərinin də yeni borclar alması perspektivlərindəən ibarətdir", - Cudit Tayson söyləyib.
Analitik Tom Cons isə hesab edir ki, kreditləmə və borcların indiki səviyyəsi yeni maliyyə böhranları yaradacaq.
Fəqət, yalnız inkişaf etmiş ölkələrdə aşağı faiz stavkaları və maliyyə böhranları büdcə kəsirlərini borclarla ört-basdır etmək problemi yaratmayıb.

Qlobal miqyasda dövlətlərarası kreditləmənin səviyyəsi artır. Belə ki, 2011-ci ildə 11 trilyon olmuş həmin səviyyə 2014-cü ildə 13,8 trilyon dollara çatıbsa, bu il rəqəmin 14,7 trilyon dollar təşkil edəcəyi gözlənilir.
Dünya iqtisadiyyatındakı ümumi zəifləmə də borcların artmasına səbəb olub ki, bunu şərtləndirən amillər arasında dövlət və hökumət başçılarının böhranı aradan qaldırmaq, iqtisadi inkişafa nail olmaq üçün "daha çox kredit" prinsipini çıxış yolu saymalarıdır.
Hazırda xarici dövlət borcunun yaradacağı böhranla bağlı çox yüksək riskli ölkələrin siyahısı belədir:
Butan
Kabo-Verde
Dominika
Efiopiya
Qana
Laos
Mavritaniya
Monqolustan
Mozambik
Samoa
San-Tome və Prinsipi
Seneqal
Tanzaniya
Uqanda

Xarici dövlət borclarının yaratdığı böhran məngənəsində çırpınan ölkələrin siyahısı:
Ermənistan
Beliz
Kosta-Rika
Xorvatiya
Kipr
Dominikan Respublikası
Salvador
Qambiya
Yunanıstan
Qrenada
İrlandiya
Yamayka
Livan
Makedoniya
Marşal adaları
Monteneqro
Portuqaliya
İspaniya
Şri-Lanka
Sent-Vinsent və Qrenadinlər
Tunis
Ukrayna
Sudan
Zimbabve
... Göründüyü kimi, postsovet məkanı ölkələri arasında kreditlər və dövlət borcları ilə bağlı ən pis vəziyyət Ukrayna ilə Ermənistandadır. Bu ölkələr faktiki defolt vəziyyətindədir. Yəni istənilən an fırtınaya çevrilə biləcək maliyyə böhranı Kiyevlə Yerevanı "borcları ödəməyə pulumuz yoxdur" bəyanatı ilə çıxış etmək məcburiyyətində qoya bilər.
Bu isə maliyyə sisteminin çökməsi, dövlətin bütün əmlakının borclara silinmə təhlükəsi deməkdir.
Yaramaz və yarıtmaz hakimiyyətin xalqını düçar edə biləcəyi ən böyük bəlalardan biri də elə defolt, kredit uçurumudur.
Orxan Hun
Milli.Az