Bakı, 14 iyul, AZƏRTAC
Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə ölkəmizdə silsilə tədbirlər davam edir. Əlamətdar hadisəyə həsr olunmuş kitabların təqdimatı keçirilir, qocaman jurnalistlər yad olunur, elan olunmuş yaradıcılıq müsabiqələrinin yekunu kimi qaliblər mükafatlandırılır, müxtəlif mətbuat orqanlarına birdəfəlik yardımlar olunur və digər bu qəbildən olan tədbirlər təşkil edilir.
AZƏRTAC xəbər verir ki, yazıçı-jurnalist Şərif Kərimli də yubileyə əliboş qatılmayıb. Belə ki, bu günlərdə onun 40 illik jurnalistlik fəaliyyətinin nəticəsi kimi "Ötən illərin harayı" adlı üçcildlik kitabının iki cildi çapdan çıxıb. Üçcildliyə, əsasən, "Azərbaycan" və "Sabah", eləcə də "Gənclik", "Müxbir" jurnallarında, "Respublika", "Azərnyus", "Şərq", "7 gün", "Odlar Yurdu", "525-ci qəzet", "Gün", "Azərbaycan müəllimi", "Ədəbiyyat və incəsənət", "Gürcüstan", "Unikal" və başqa qəzetlərdə dərc olunmuş publisistik yazıları daxil edilib.
Kitabda jurnalistikanın bütün janrlarında publisistik və bədii-publisistik əsərlər yer alıb. Prezidentdən başlamış sıravi vətəndaşadək müstəqillik uğrunda əməyi keçən, bu yolda həyatını belə əsirgəməyən igid oğulların mücadiləsi jurnalistin tarixləşdirdiyi əsərlərin baş qəhrəmanıdır.
Üçcildliyə daxil edilmiş yazıların böyük bir qismi müəllifin doğma mövzusuna – Borçalı problemlərinə həsr edilib.
Kitab tarixçilər, sosioloqlar, mətbuat araşdırıcıları, o cümlədən jurnalistika fakültəsinin tələbələri üçün qiymətli mənbədir.
İyulun 21-də Azərbaycanda Atatürk Mərkəzində təqdimatı keçiriləcək kitaba "Ön söz"ü xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərov yazıblar.