Hər birimiz komputerdə, mobil telefonda oyunlar oynayırıq. Elə mütəxəssislər də bu fikirdədirlər ki, oyunlar insanlar üçün faydalıdır. Belə ki, oyunların düşündürücü xarakterli olması insanları beyin işlətməyə vadar edir. Amma məsələ burasındadır ki, bu cür oyunlara maraq göstərənlər olduqca azdır. Xüsusən müharibə, bağ-bostan yetişdirmə, xilas etmə, maşınlar, yarışlar və bu kimi oyunlar daha çox diqqət toplayır. Belə oyunların isə insana müsbət nəsə verməsi mümkün deyil.
Müxtəlif ölkələrdən 70-dən artıq nevropotoloq və psixoloq aydınlaşdırıb ki, beyin gimnastikasını təmin edən kompüter oyunları yaşlılıqla bağlı zehni qabiliyyət faizini aşağı salmır, amma heç yuxarı da qaldırmır. Oyunlar insan yaddaşını əsla gücləndirmir. Max Planck İnstitutundan Ulman Lindenberger fiziki olaraq aktiv olan, sosial həyata qatılan və zehni olaraq da oyaq qalan insanların zehni baxımdan daha sağlam yaşlanma şansının olduğunu deyir. Beyin və davranışların irəliləyən yaşlarda idmana, gimnastikaya bağlılığın mümkünlüyü də elmi araşdırmaların nəticələri sırasındadır. Araşdırmalarda o da qeyd olunur ki, beyni işlətməyən insanı düşünməyə vadar etməyən bu oyunları oynayanlar tez bir zamanda oyundan asılı hala düşür və insanları kopüter əsarəti altına alır.
Oksford Universitetinin tədqiqatçılarının araşdırmasına görə, uşaqların kompüter oyunlarına marağı onların inkişafına müsbət təsir göstərə bilər. Alimlərin gəldiyi nəticəyə əsasən, gündə ən azı bir saat kompüter oyunu oynayan uşaqlar ümumiyyətlə, oynamayanlarla müqayisədə daha təmkinlidirlər. Lakin bu təmkinlilik sadəcə uşaqlar üçün hazırlanan oyunları oynayan balacalara aiddir. Ümumi oyunlara maraq göstərə uşaqlar isə təmkinlilik yerinə tam əksi, əsəb və narahatlıq qazanırlar.
Nevropatoloq Erkin Quluzadənin sözlərinə görə, 6 ay, gündə 2 saata yaxın şiddət xarakterli oyun oynayan uşağın sinirləri o dərəcə zədələnir ki, onun bərpası üçün ən az 3 il vaxt lazım olur. Təbii ki, bu 3 il ərzində uşaq tamamilə kompüterdən uzaq durmalıdır. Bu isə mümkün deyil: "Uşaqları bu zamanda texnologiyadan uzaq tutmaq mümkün deyil. Kompüterdən uzaqlaşdırsan, telefondan istifadə edəcək. Onu alsan, yoldaşlarından geri qalıb bu dəfə bu sahədən travma yaşayacaq. Onları elə yönləndirmək lazımdır ki, boş vaxtları çox qalmasın. Qalsa belə bunu mütləq normal dəyərləndirsin. Uşaqlar üçün oyunlar təşkil edilməlidir. Uşaqlara yaddaşın, intellektin, təfəkkürün, diqqətin və s. psixoloji proseslərin inkişafına təsir edən oyunlar vermək lazımdır".
Kompüter oynamayan uşaq sərbəst düşünür, düşündüklərini nitqində ifadə edir. Uşaq saatlarla kompüter qabağında oturub susanda, nitqi də inkişafdan qalır. Digər uşaqlarla ünsiyyət problem yaşanır.
Uşaqların qapanmasının, şiddətə meylli oyunların oynanmasının birinci səbəbi valideynlə ünsiyyətin azlığıdır. Baxçadan, məktəbdən gələndə, xüsusilə yetkinlik dövründə yeniliklər barədə söhbət-müzakirə, eşidib-gördüklərini danışanda dinlənmək və qəbul olunmaq, eyni zamanda valideynlərinin öz problemini onunla bölüşməsi uşaq üçün çox əhəmiyyətlidir. Oyunlar bütün yaşlarda əvəzsiz əyləncə, ünsiyyət və inkişaf vasitəsidir. Uşaq oynayanda öz daxilini aça bilir. Məhz buna görə psixoloqlar uşağın iç dünyasına bələd olmaq üçün oyundan başlayırlar. Bəzən valideynlər uşağın başını qatmaq məcburiyyətindən onu televizorun, yaxud kompüterin qarşısına qoyur, bu vərdişə çevriləndən sonra əziyyət çəkirlər. Televizor körpənin maraqlarını qarşılamadıqda kompüter əsas əyləncə obyektinə çevrilir.
Uşaqlarla yanaşı kompüter oyunları böyüklərə də təsirsiz ötüşmür. Yorğunluq, yuxusuzluq, hövsələdən dar olmaq, əsəbilik kompüter oyunlarının nəticəsində meydana çıxır ki, bu gün bu problemdən dünyanın 90% əziyyət çəkir. Məhz bu səbəbdən körpəlikdən uşağa kompüteri qadağan etmək yerinə düzgün istifadəni öyrətməlidir.