Bakı, 15 iyul, AZƏRTAC
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının matçlarına baxmaq üçün Rusiyaya gələcək azarkeşləri yataqxana, pioner düşərgələri və teploxodlarda yerləşdirmək qərara alınıb. Səbəb dünya çempionatına hazırlıq xərclərinin azaldılmasıdır. Amma qeyd edilir ki, büdcənin ixtisar edilməsi dünya birinciliyinin qonaqları üçün yerlərin sayına təsir göstərməməlidir. Məsələn, Nijni Novqorodda fanatlara universitet yataqxanalarında yerləşmək təklif olunacaq.
Qeyd edək ki, Rusiya özünün sifariş kitabında 100 min mehmanxana nömrəsi hazırlayacağını vəd edib. İyunun sonunda dünya çempionatının maliyyələşdirilməsini təqribən 30 milyard rubl azaldaraq 631, 5 milyard rubla çatdırmaq qərara alınıb.
Dünya çempionatının matçları iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində 12 stadionunda keçiriləcək.