"Arsenal"ın fransalı hücumçusu Olivye Jiru növbəti mövsümdə də komandanın əsas qol silahı olacaq.

Goal.az xəbər verir ki, hücumçu, həmyerlisi Tyerri Anri ilə söhbət etmək istədiyini bildirib. Xatırladaq ki, "Sky Sport"un eksperti kimi çalışan Anri tək Jiru ilə "topçular"ın titul qazanmasının çətin olduğunu bildirmişdi.
"Sözün düzü, futbolçu onun haqqında danışanlara fikir verməli deyil. Əsas məsələ qol imkanını qaçıranda və ya oyunu uduzanda öz gücünə şübhə etməməkdir. Bunlar bəzən baş verir. Ən yaxşısı sənə qarşı səslənən fikirləri unudub işinlə məşğul olmaq və tənqidlərin keyfiyyət dəyişikliyi yaratmasına imkan verməməkdir. Anrinin həmin sözləri hansı mənada dediyini bilirəm. Onu görsəm, iki kişi kimi söhbət edəcəyik. Anriyə qarşı qəzəbli deyiləm. Amma ilk öncə onun fikirlərini başa düşməmişdim. Tyerri buna reaksiya göstərdi və fikirlərini daha aydın izah etdi. Hər şey qaydasındadır. Ailəm yaxşı olduğu müddətcə rahat yatıb-dururam. Belə şeylər mənə çox da təsir etmir".

Jiru Lukaş Podolskinin gedişindən sonra boş qalan 9 nömrəni götürməyəcəyini də bildirib. "Formanın nömrəsini dəyişmək istəmirəm. Milli komandada 9 nömrə boş olduğu üçün onu seçdim. Amma "Arsenal"da 12 nömrəli futbolka ilə çıxış edəcəm. Çünki azarkeşlər artıq adım həkk olunan 12 nömrəli formanı alıblar. Formanın nömrəsini dəyişməklə daha yaxşı futbolçu olası deyiləm. Ötən mövsümə nisbətən daha çox fərqlənmək istəyirəm".

Qeyd edək ki, ötən mövsüm Jiru zədə ucbatında 3 ay yaşıl meydanlardan kənarda qalsa da, 19 qol vurmuşdu.

Milli.Az